12px14px16px18px

V siniflərin müəllimləri üçün kurikulumların tətbiqi üzrə təlimlər təşkil olunacaq

11:02 / 29.02.2012
2012-2013-cü tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər təşkil ediləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun yeni əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılıb ki, cari tədris ilində V siniflərdə dərs deyəcək fənn müəllimlərinin siyahısını dəqiqləşdirsinlər və həmin siniflərdə yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər. Bu qurumlar təlim kurslarını həyata keçirəcək təşkilatla birlikdə ilin iyun-avqust aylarında kursların səmərəli keçirilməsi üçün müvafiq təlim mərkəzlərində lazımi şəraitin yaradılması, hər bir təlim otağının zəruri texniki vasitələrlə təchizatı ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin edəcəklər. Müəllimlər məktəblərin yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə təlim kurslarına cəlb ediləcəklər.
Qeyd olunub ki, 5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə ilkin hesablamalara görə, altmış minədək müəllimin cəlb olunacağı proqnozlaşdırılır. Təlimlərin təşkili ilə əlaqədar yerli təhsil orqanları da məsuliyyət daşıyırlar.
2008-ci ildə ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarını keçirmək üçün 50 nəfər təlimçi olubsa, 2011-ci ildə təlimçilərin sayı 200 nəfərə çatdırılıb. 2012-ci ildə təlimlərdə iştirak edəcək fənn müəllimlərin sayının xeyli artması ilə əlaqədar daha 500 nəfər təlimçinin hazırlanması üçün Təhsil Nazirliyi UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə müraciət edib və bu istiqamətdə müvafiq tədbirlər artıq həyata keçirilməkdədir.
Həmçinin məktəb direktorları üçün “Yeni fənn kurikulumlarının tətbiqinin idarə olunması” mövzusunda 5 günlük (30 saatlıq) təlim kursları keçiriləcək.
S.QARAYEVA



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar