12px14px16px18px

Azərbaycanda udinlər üçün yeni dərslik hazırlanır

11:02 / 29.02.2012
Azərbaycanda yaşayan udinlər üçün yeni dərsliyin çapına başlanılıb. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının verdiyi məlumata görə, 3-cü sinif şagirdləri üçün nəzərdə tutulan “Udin dili” dərsliyinin çapına başlanılıb: “Azərbaycanda 1 və 2-ci siniflər üçün “Udi dili” dərslikləri isə əvvəlki illərdə çap etdirilib”. F.Şahbazlı Azərbaycanda milli azlıqların dərsliklə bağlı problemlərinin olmadığını da bildirib. Nazirlik rəsmisi deyib ki, Təhsil Nazirliyi Azərbaycanda yaşayan milli azlıqları hər il dərs vəsaitləri ilə təmin edir. Ölkədə talış, ləzgi, saxur, avar və udinlər üçün dərsliklər çap etdirilib. F.Şahbazlının dediyinə görə, Azərbaycanda 2012-2013-cü tədris ili üçün dərsliklərin hazırlanmasına başlanılıb. Növbəti tədris ili üçün çap ediləcək dərsliklərin sayı ötən ilki ilə müqayisədə təxminən iki dəfə çox olacaq. Onun sözlərinə əsasən, 2012-2013-cü tədris ili üçün 194 adda dərslik nəşr olunacaq. F. Şahbazlı vurğulayıb ki, 114 adda dərsliyin müəyyən faizlərlə, 80 adda dərsliyin isə 1 və 5-ci siniflər üçün çapı nəzərdə tutulur: “Artıq 114 adda dərsliklərlə bağlı müəyyən prosedurlara başlanılıb. İstəyirik ki, may-iyun ayınadək bunu başa çatdıraq”.
Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün Azərbaycanda 102 adda dərslik və müəllimlər üçün metodik vəsait nəşr olunub.
F.Şahbazlı qeyd edib ki, bir müddət əvvəl Təhsil Nazirliyi “Zoologiya 7-8” dərs vəsaitini çap etdirib. “Bakı” nəşriyyatının “İnnovativ tədris vəsaitləri” seriyasına daxil olan dərslik Təhsil Nazirliyinin qrifi ilə çapdan çıxıb. Yaşar Seyidli, Qiyas Quliyev və Xumar Əhmədbəylinin müəllifliyi ilə hazırlanan “Zoologiya 7-8” vəsaiti Təhsil Nazirliyinin 2011-ci ildə keçirdiyi dərslik müsabiqəsinin qaliblərindəndir. Vəsaitin əsas xüsusiyyəti onun tədris proqramına tam uyğun olmasıdır: “İlk dəfə tətbiq olunan yeni tərtibat – illüstrativ kompozisiyalar, erqonomik dizayn, sual və tapşırıqlar, terminlərin qısa şərhi, elektron nəşrlərlə işləmək imkanı, laboratoriya işləri və test nümunələri tədris materialının şagird tərəfindən mənimsənilməsinə faydalı yardımçı olacaq”.
S.QARAYEVA



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar