12px14px16px18px

Əlli yaşın işığına dost sözü

Cahangir MƏMMƏDLİ
02:42 / 20.02.2010
 
 
Hər bir elm sahəsi, elmi düşüncə öz inkişaf mənbəyini bu sahənin klassik ənənələrindən alır. Hətta ən yeni elm sahələrinin də klassik elmi qaynaqları mövcuddur. Enerjinin itməməsi, yerin cazibə qanunu, atomun kəşfi və s. kimi fundamental elmi faktların ilkin başlanğıcı xalq təfəkküründən və bu təfəkkürdən formalaşmış klassik düşüncədən doğmuşdur. İndi dünyanı məşğul etməkdə olan qeyri-səlis məntiq, qeyri-səlis riyaziyat, rəqəmsal virtual elm sahələrinin də elə klassik məntiqdən, klassik riyaziyyatdan, klassik rəqəmlər aləmindən qaynaqlandığını inkar etmək sadəlövhlük olardı. Bu məntiqə görə həm ən müasir fundamental elm sahələri, həm də çox yeni görünən ictimai, sosioloji, fəlsəfi, filoloji... elmi düşüncə yalnız klassikanın modernləşməsi, yeni dünyaya, yeni qaydalara uyğunlaşdırılmasıdır. Texniki innnovasiya, siyasi innovasiya kimi ən yeni anlayışlar da klassik təcrübənin hesabına müasirləşdirilmiş elmi düşüncənin günümüzə tətbiqini nəzərdə tutur. Klassikaya, ənənəyə etinasız münasibət, bunları inkar etmək xüsusilə elm cəbhəsində fiaskoya uğramaqdan başqa bir şey gətirmir. 
 Dediyimiz bu fikirlər ictimai elmlərə münasibətdə özünü daha qabarıq göstərir. Sovet dönəminin 70 illik müddətində hər şeydə ideolojiliyin, kommunist istiqamətlərinin tətbiqi klassik fəlsəfəni, iqtisadiyyatı siyasiləşdirdi, bədii ədəbiyyatı sosializmləşdirdi və iş o yerə çatdı ki, bəşəriyyətin yaranışından bəri içində yaşatdığı və çətin anlarında pənahına sığınıb təsəlli tapdığı Allahı da inkar ruhunu təbliğ etdi. Milli ucqarlar bir yana, Rusiya imperiyası özünün öyünə biləcəyi F.Dostoyevski, A.Plotonov, Bunin, A.Belıy... kimi klassik düşüncə sahiblərini də inkar etdi, “sosializm realizmi” prinsipinə uyğun gəlməyən bəşəri fəlsəfənin, bədii sənət nümunələrinin üzərinə qadağalar qoydu. Ucqarlarda milli ruhu öldürmək, xalqı mental xarakterindən uzaqlaşdırmaq, milli azadlıq ideyalarını boğmaq üçün daha geniş ideoloji iş aparıldı. Azərbaycanın milli istiqamətli yaradıcılığa mənsub filosofları, yazıçı və şairləri millətçi damğası ilə ya arxivlərə gömüldü, ya da sürgünlərdə çürüdüldü. Klassik ənənələrə ögeylik yaratmaq cəhdləri görünməmiş vüsət aldı. Amma nə qədər çətin olsa da, Azərbaycanın bu ənənələri yaşadan alimləri təslim olmadılar. Klassik irsin gücünü, qüdrətini yeni nəsillərə çox müxtəlif yollarla    çatdıra bildilər. Bəs əzablı yollarla yeni nəslə çatdırılan bu elmi, nəzəri, praktik klassik yaradıcılıq dünyasını yeni nəsil necə qəbul etdi? Bu suala indi birmənalı cavab vermək çətindir. Amma böyük bir təsəlli ondadır ki, klassikanı özünün tədqiqat obyektinə çevirən, onun gücünü elmi dəlillərlə sübut edən və bunu geniş kütləyə çatdıra bilən alimlərimiz də çoxdur. Həm də əgər bu alimlər Əziz Mirəhmədov, Kamal Talıbzadə, Mirəli Seyidov, Yaşar Qarayev... kimi böyük elm fədailərindən dərs alıblarsa, onda belələrinin klassik irsə milli təəssübkeşlik kontekstində münasibətinin səmərəsi həmişə özünü göstərəcəkdir.
Bu düşüncələr ətrafında sözü uzatmağımın səbəbi var. Biz filologiya elmləri doktoru, professor Şamil Vəliyevlə, bazar günlərini çıxmaqla, hər gün bu və ya buna bənzər elmi mövzularda söhbətlər edirik. Bu söhbətlər bəzən diskussiya, bəzən polemika, bəzən müzakirə, bəzən hətta mübahisə xarakterində olur. Bütün hallarda bu söhbətlər mənə çox sərf edir. Çünki Şamil müəllim klassikaya bağlı, vaxtilə sovet ideologiyasının ən çox ehtiyat etdiyi klassik düşücə sahiblərinə, yaradıcı, milli şəxsiyyətlərə bağlı ciddi alim-tədqiqatçıdır.
Təxminən iyirmi il bundan əvvəl- Azərbaycanın oyanış çağının ən qaynar vaxtında elə bu oyanışın önündə gedənlərdən biri – professor Famil Mehdi Azərbaycan filoloji elminin, jurnalistikanın yeni inkişaf perspektivlərindən söz düşən zaman mənə akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda millətə bağlı təzə bir nəslin yetişməkdə olduğundan qürurla danışdı və bu sırada mənim o zaman ara-sıra yalnız elmi məqalələrini oxuduğum Şamil Vəliyevin adını çəkdi. Bir müddət keçdi və mən öyrəndim ki, Ş.Vəliyevin ilk dövrlərdəki tədqiqat obyekti XX əsrin əvvəllərində ədəbi tənqidin poeziyaya münasibəti ətrafındadır. Əslində 1895-1917-ci illəri əhatə edən bu ilk fundamental tədqiqatın təməli 1985-ci ildən qoyulmuşdu. Sovet ideoloji maşınının uzun müddət əzdiyi tənqidçi şairlər gənc alimin tədqiqat obyekti olmuşdur. Tədqiqatçının 1989-cu ildə milli mücadilənin ən çətin, amma ən önəmli günlərində müdafiə etdiyi namizədlik işi bu milli mücadilənin elm kontekstində tərkib hissəsi idi. Çünki bu tipli cəsarətli tədqiqatlar yeni nəslin daha cəsarətli araşdırmalarına yol açırdı. Milli klassikaya, ənələrə yeni və obyektiv, habelə milli təəssübkeşlik yönündən münasibət bu gəncləri vaxtilə milli xarakterinə, milli-azadlıq ideyalarına görə arxivlərdə ədəbi, mətbu nümunələri axtarmağa və ortaya çıxarmağa sövq etdi. Şamil Vəliyev elə o dövrdə, – ölkədə cəsarətli, yeni jurnalistikanın meydana çıxmağa başladığı vaxtda klassik mətbuatın tədqiqinə yön tutdu. Vaxtilə mətbuat tarixi kurslarında, tələbə auditoriyasında adı şifahi şəkildə çəkilməsi belə qadağan edilən “Füyuzat”, “Açıq söz” kimi mətbuat orqanlarının tədqiqi, onların məktəb səviyyəsinin qiymətləndirilməsi prosesində Ş.Vəliyev gənc tədqiqatçı kimi “Füyuzat” jurnalını seçdi. Azərbaycan milli- mücadilə tarixinin, istiqlal ideyasının yeni tarixi şəraitdə daşıyıcısına çevrilən və məhz elə buna görə də sovet dönəmində adına və fəaliyyətinin tədqiqi üzərinə tabular qoyulmuş Əli bəy Hüseynzadəni, Əhməb bəy Ağayevi üzə çıxarmaq, onları yenidən xalqa ən lazımlı çağında tanıtmaq, təbliğ etmək lazım idi. Ş.Vəliyev “Füyuzat” ədəbi məktəbi” mövzusunda doktorluq işi ilə bu vəzifəni yerinə yetirmək işində çalışan tədqiqatçılar sırasında ayrıca elmi üslubu olan bir alim kimi özünü təsdiq etdi. Cənc alim XX əsrin lap əvvəllərində ictimai fikirdə dönüş yaratmış, bununla da ədəbi məktəb səviyyəsinə yüksəlmiş “Füyuzat” jurnalının və onun ətrafında formalaşmış ədəbi yaradıcılıq mühitini tədqiq edərkən belə bir ciddi elmi tezisdən çıxış etmişdir: “Füyuzatçılıq hiss, duyğu və düşüncənin coşqunluğunun, ümumxalq yaşantılarının mükəmməl ifadəsini həyat səhnəsinə çıxarır, bədii-publisistik şüurun etnogenik enerjidən bəhrələnmə forma və üsullarını müəyyənləşdirirdi... Cəmiyyətdə inqilabi sıçrayışlar, siyasi aktivlik, mübarizə əzmkarlığı, idrakda, şüurda islahatlar, dəyişmə və yeniləşmə təşəbbüsləri hansı əhəmiyyətə maliksə, füyuzatçılıq XX əsrin əvvəlləri Azərbaycan gerçəkliyi üçün o demək idi. Füyuzatçılıq milli məfkurə hərəkatı, bəşəri idealların hiss və iztirabını, kamil İNSAN arzularının zövq və arzularını yaşatmaq fəzilətləri idi. Füyuzatçılıq sərbəst düşüncənin, müstəqil fikrin, azad sözün, hadisə, olay-fakt və həqiqət haqqında tam, bütöv, aydın və şəffaf informasiyanın, ictimai haq və hüquqların qorunması, ədalət və bərabərlik uğrunda mübarizə sənəti, “türkləşmək, islamlaşmaq və müasirləşmək= avropalaşmaq ideyalarının toplusu, moderinizm-islahatçılıq və yaradıcılıq mövqeyidir”.
“Füyuzat”ın tədqiqatçısından gətirdiyim bu sitatın uzun olmasının səbəbi sitatın məna yükü ilə bağlıdır. Ş.Vəliyev “Füyuzat”ı məhz bu istiqamətdə- milli ruhuna, azadlıq ideyalarına, jurnalistika kanonlarına uyğunluğuna... görə tədqiqat obyekti seçmişdir. Bu tədqiqatda Ş.Vəliyev indiyə qədərki tədqiqatlarda “Füyuzat”ın onunla eyni vaxtda nəşr olunan mətbuat orqanlarına münasibətinə ideoloji istiqamətdən yanaşmaya da toxunur və bu münasibətlərin daha düzgün elmi qiymətini verir. Ş.Vəliyev həmin tədqiqatına görə filologiya elmləri doktoru elmi dərəcəsini aldı. Əsər monoqrafiya şəklində Azərbaycanda və Türkiyədə nəşr edildi. Bəlkə elə “Füyuzat” jurnalistika məktəbinin təsirindən idi ki, Ş.Vəliyev elmi-tədqiqatla yanaşı praktik jurnalist həyatı ilə də məşğul olur. Onun televiziyada uzun müddət apardığı ədəbi-bədii tematikalı proqramlar, tənqidçi kimi mətbuatdakı praktik fəaliyyəti, çağdaş jurnalistikaya baxışı diqqətdən yayına bilməzdi. 1988-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçidən baş elmi işçiyədək yol gələn Şamil Vəliyev Yazıçılar Birliyi İdarə Heyətinə üzv, müsabiqə yolu ilə Bakı Dövlət Universiteti Mətbuat tarixi kafedrasına müdir seçilib. İndi Ş.Vəliyev həmin kafedranın müdiri və professoru vəzifəsində çalışır.
Ş.Vəliyev tamimilə yeni təfəkkürlü alimlər sırasındadır. Mən onun müxtəlif elmi konfranslardakı çıxışlarından, çap etdirdiyi məhsuldar elmi əsərləridən hiss edirəm ki, ədəbiyyatşünaslıqda və jurnalistikanın elmi məkanında hadisələrə öz qiyməti, öz yanaşması olan məhsuldar bir alim var. Elmi-filoloji yaradıcılığına çox böyük hörmət etdiyim akademik Kamal Talıbzadənin Ş.Vəliyev haqqında yazılarının birində belə bir fikir var: “Onun Nizami adına Ədəbiyyat İnstitutuna gəldiyi ilk günlər xatirimdədir. Özüm üçün doğma olan elm-sənət ocağına onun müqəddəs bir məbədgah kimi baxması yüksək mədəniyyət ilə yanaşı elmi-nəzəri hazırlığı və intellektual yetkinliyi diqqətimi çəkdi. Elə buna görə onun tənqid tarixi və nəzəriyyəsi ilə məşğul olmasını tövsiyə etdim. Arxiv materialları, elmi-tarixi fakt, hadisə və ədəbi mərhələlər haqqında söylədiyi aydın fikirləri ilə həmkarlarının da yüksək rəğbətini qazandı. Ədəbi-tarixi keçmişlə müasir həyat arasında irs-varislik (kursiv mənimdir-C.M.) əlaqələrinə həssaslıqla yanaşan alim bu gün də elmi-ictimai fikrin və ümumxalq mədəni-mənəvi ehtiyaclarının ödənilməsi yolunda fədakarlıqla çalışmaqdadır”. Kamal Talıbzadənin doğma ocağı olan Nizami adına Ədəbiyyat İnstitutuna “məbədgah kimi baxan” Ş.Vəliyev Bakı Dövlət Universitetinə də beləcə bir məbəd kimi daxil oldu. Gəldi və özü ilə jurnalistika fakültəsinə yeni bir alimin yeni nəfəslə gəldiyini tezliklə sübut etdi. Şamil Vəliyev hər kəsdən əvvəl, jurnalist tələbələrin mühazirələrinə həvəslə qulaq asdıqları bir müəllim oldu. Onun mətbuat tarixinə dair mühazirələri, K.Talıbzadənin çox düzgün müşahidə etdiyi “irs-varislik əlaqələrinə həssaslıqla yanaşma” nümunəsi kimi maraqlı qurulur.
Mən Şamil müəllimlə söhbətlərimdən belə bir şeyə inanmışam ki, elmi yaradıcılıq da poeziya qədər ilham, predmetə vurğunluq tələb edir. Araşdırdığın predmetə, mövzuya vurulmamısansa, nəticə alınmayacaq. Amma elmi yaradıcılıq poetik yaradıcılıqdan tələb olunan ilhamdan, istedaddan əlavə, həm də yüksək intellekt, rasional düşüncə, ensiklopedik bilik tələb edir. Şamil Vəliyevlə polemik söhbətlərdən gəldiyim nəticə belədir: bu alim rasional düşüncəli, intellektual səviyyəli, çoxtərəfli məlumata malik yaradıcı adamdır.
Ş.Vəliyev ictimai adamdır. Maraqlı fikirlərinə, elmi yanaşmalarındakı orijinallığına görə onu bir çox tədbirlərdə, televiziya proqramlarında görmək mümkündür, elmi-tədqiqata güclü marağı onun öz çalışmaları ilə bitmir. Şamil müəllimin rəhbərliyi ilə xeyli gənc tədqiqatçı alimlik dərəcəsi alıb. O, bir neçə elmi şuranın üzvüdür. Lakin professor bu gün həyatını daha çox jurnalistika fakültəsinə, tələbələrinə bağlayıb. Onun rəhbərlik etdiyi kafedranın tələbələri, magistrant və aspirantları, dissertantları onlara istiqamət verə biləcək, köməklərinə çata biləcək bir alimlə, bir müəllimlə hər gün üz-üzədirlər.
Fevralın 22-də Şamil müəllimin 50 yaşı tamam olur. Şamil Ermənistanın Noyenberyan rayonun Körpülü kəndində doğulub. Bu kəndin Azərbaycana bağlı olduğu onun adında dəqiq ifadəsini tapıb. Şamil Vəliyev ürəyinin bir parçasını qoyub gəldiyi o kəndin həsrətindədir. İlk müəllimindən danışanda atası Qiyas kişinin adını çəkir. Ömrünü daşyonanlıqla keçirən Qiyas kişi və o kəndin qərib adamları. Şamil ən kamil və müdrik sitatları həmişə atasından gətirir. Onun söhbətlərindən mən də Qiyas kişini yaxından tanımağa başlamışam. Və bir daha bu qənaətə gəlmişəm ki, ziyalılıq, müdriklik, kamillik heç bir diplomla ifadə olunmur. Bu epitetləri insana genindən gələn qan yaddaşı, ənənələrə məhəbbət ruhu verir. Daşyonan, bənna Qiyas kişidə olduğu kimi.
Şamil müəllimlə məni iş yerində nazik bir divar ayırır. Biz klassika üçün, ənənələr ətrafında söhbət üçün darıxanda bu nazik divar öz-özünə yox olur. Və o zaman mən hərdən düşünürəm: nə yaxşı ki, yaşlı nəsillə yeni nəslin arasındakı divarlar beləcə nazik və bəzən də heç yoxmuş kimidir.
 
Cahangir MƏMMƏDLİ
 



Bu yazı ( 1109 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar