12px14px16px18px

Mövlud Çavuşoğlu: “Azərbaycan nümayəndə heyəti məni tam dəstəkləyir

”TÜRKİYƏLİ DEPUTAT AŞPA PREZİDENTİ SEÇİLƏCƏYİNƏ İNANIR“

14:32 / 01.10.2009
 
 
 
İki il öncə əldə edilən prosedur və yazılı anlaşmaya görə, 2010-cu ildə Avropa Şurası Parlament Assambleyasına prezident Avropa Demokrat Qrupundan seçilməlidir. Bu qrupda bizimlə yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov də olmaqla, dörd Azərbaycan nümayəndəsi var”. APA-nın Avropa Şurasında (AŞ) akkreditə olunmuş müxbirinin məlumatına görə, bu sözləri AŞ Parlament Assambleyasının (PA) prezidenti postuna namizəd olan türkiyəli deputat Mövlud Çavuşoğlu deyib. “Biz zaman-zaman burada fəal işləyirik. İstər öz aramızdakı münasibətlər və birliyimizlə, istərsə də hadisələr qarşısındakı fəaliyyətimizlə və gördüyümüz işlərlə ön planda oluruq” söyləyən M.Çavuşoğlu namizədlik məsələsi ortaya çıxdıqda da Azərbaycan nümayəndə heyəti ilə məsləhətləşmə aparıldığını qeyd edib: “Biz öz aramızda, yəni Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla və digər dostlarımızla məsləhətləşmələr apardıq və mənim AŞPA prezidentliyinə namizədliyimin irəli sürülməsi qərarına gəldik. Bu məsələ ilə bağlı əlbəttə ki, Türkiyənin baş naziri, nazirləri və dostlarımızla da danışdıq. Belə bir qərarı öncədən planlaşdırmışdıq. Bu işi son bir ayda daha da gücləndirdik və AŞPA bürosunun Parisdə keçirilən iclasında bir daha Səməd Seyidovla müzakirə etdik. O da Azərbaycan tərəfinin bu məsələyə tam dəstək verdiyini söylədi”.M.Çavuşoğlu Türkiyə prezidenti, baş naziri, nazirlər, eləcə də Türkiyə Böyük Millət Məclisinin sədrinin də bu məsələyə dəstək verdiyini açıqlayıb: “Bununla da, biz kampaniyaya başladıq, sonda da qrupda bu seçkiləri qazandıq. İnşallah, AŞPA sədrliyini də qazanacağıq”.O, ilk dəfədir ki, Türkiyənin, türklərin belə bir şans əldə etdiyini bildirib: “Dolayısı da olsa, buna qısqanclıqla yanaşanlar, eyni zamanda bunu təqdir edənlər də oldu. Ancaq bu, demokratik bir seçimdir və biz demokratiyaya inanırıqsa, yekun nəticələr hamı tərəfindən qəbul edilməlidir”. Əvvəlki seçimlərdə səlahiyyət müddətinin üç il olduğunu xatırladan M.Çavuşoğlu sonradan bu müddətin iki ilə endirildiyini deyib: “Bu razılaşma bütün daxili prosedur qaydalarında əksini tapıb. Lakin AŞPA prezidentinin səlahiyyətlərinin üç ilə qaldırılması ilə bağlı məsələ bu günlərdə yenidən müzakirə olunacaq. Müddətin dəyişməsinə AŞPA-nın müvafiq komitələri də razılıq verməlidir”. M.Çavuşoğlu sədr kimi AŞ PA-da ədalətli davranmağın, ikili standartlara yol verilməməsinin, bütün ölkələrə eyni münasibət göstərilməsinin çox önəmli olduğunu vurğulayıb: “Eyni zamanda Avropa Şurasının dəyərlərini çox yaxşı şəkildə anlatmaq və təbliğinə çalışmaq lazımdır. Hal-hazırda mənə görə ən böyük çatışmazlıq Avropa Şurası daxilindəki qurumlar arasında, eləcə də Avropa Şurası ilə üzv ölkələr və digər beynəlxalq təşkilatlar arasında dialoqun olmamasıdır. Bizim Avropa Şurasının imicini, nüfuzunu yüksəltməyimiz vacibdir. Bundan başqa, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa, ittifaqa çox böyük önəm verməliyik və zamanında bu istiqamətdə çalışacağıq”.
 



Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar