12px14px16px18px

Baş nazirin müavini İran və Rusiyanın səfirlərini ittiham etdi

ƏLİ HƏSƏNOV: “LAÇINSIZ...” FİLMİNİN TƏQDİMATINA DƏVƏT ETSƏK DƏ, NƏ RUSİYA, NƏ İRAN SƏFİRİ TƏDBİRƏ GƏLMƏYİBLƏR” “ERMƏNİ SEPARATÇILARI ŞUŞA VƏ LAÇINI RUSİYANIN KEÇMİŞ MÜDAFİƏ NAZİRİ PAVEL QRAÇOVUN DƏSTƏYİ İLƏ İŞĞAL EDİBLƏR”

00:52 / 19.05.2012
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komistəsinin sədri Əli Həsənov İranın və Rusiyanın Azərbaycandakı səfirlərini Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 ili ilə bağlı keçirilən anım tədbirinə qatılmamaqda, Azərbaycan torpaqlarının işğalının ildönümü tədbirlərinə biganə yanaşmaqda suçlayıb. APA-nın xəbərinə görə, Laçın rayonunun işğalının 20 ili münasibətilə keçirilən “Laçınsız...” filminin təqdimatında çıxış edən Ə. Həsənov dəvət olunmalarına baxmayaraq, Rusiya səfirinin nə özünün, nə də nümayəndəsinin tədbirdə iştirak etdiyini, İran səfirinin isə ancaq nümayəndəsinin iştirak etdiyini bildirib. Ə.Həsənov bildirib ki, hər il işğal olunmuş rayonların işğalının anım mərasimlərinin formatını dəyişmək lazımdır: “Ermənilərin işğalçılıq siyasətini dünyaya çatdırmaq, böyüyən nəslə erməni vəhşiliklərini göstərmək, mili vətənpərvərlik hissini gücləndirmək olar. Amma işğal günündə insanlarımızın başına gətirilən əzab-əziyyətləri, meyitlərin başına açılan oyunları göstərməkdən uzaqlaşmaq lazımdır. Ümumiyyətlə, işğal günləri ağlayıb-sızıldamaqdan kənarlaşmaq lazımdır”. Ə.Həsənov çıxışında onu da deyib ki, erməni separatçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər: “Şuşanın işğalında ilk yerdə erməni separatçıları durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayının zabit heyətini 100 faiz erməniləşdirib”. Onun sözlərinə görə, P. Qraçovun anasının erməni olduğu da heç kimə sirr deyil: “Mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib. 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib”. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynadığını deyən Ə.Həsənov bildirib ki, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin bu məsələdə obyektivlik göstərəcəyinə ümid edir: “Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir”.


Bu yazı ( 297 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar