12px14px16px18px

ANS-in yeni loqosunun təqdimatı olub

00:46 / 19.05.2012
Ötən gün “Nizami” kinoteatrında ANS telekanalının yeni loqosu ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə ANS televiziyasının vitse-prezidenti Mir Şahin Ağayev bu televiziyanın yaranma tarixi haqqında qısa xatırlatma verib. ANS-in strateji xəttinin 20 il əvvəl olduğu kimi qaldığını, informasiya siyasətinin isə əzəli prinsiplərinə əsaslandığını deyən Mir Şahin Ağayev hər zaman yeniliklərə açıq olan telekanalın 20 ildən sonra xarici görünüşünü dəyişməyə qərar verildiyini bildirib. ANS-in baş rejissoru A.Dombrovski jurnalistlərə yeni loqotip haqqında məlumat verib. O bildirib ki, ANS telekanalı öz işində hər zaman Azərbaycan mədəniyyəti, tarixi və milli adət-ənənələrinə böyük önəm verib. O, qeyd edib ki, yeni loqotip yalnız yenilik deyil, həm də ANS-in tamaşaçısına verdiyi dəyərin göstəricidir. ANS üçün qrafik həll axtarışlarının dizaynerlərinin Şərq üslubuna gətirib çıxartdığını, əslində bu addımın doğru olduğunu deyən ANS-in yeni loqosunun dizayneri burada parça, xalça, arxitektura, keramika və hətta mətbəx naxışlarında dəfələrlə təkrarlanan qrafik formaların çox zəngin olduğunu vurğulayıb. Tədbirdə verilişlərin rənginin də müasir və ahəngdar seçiləcəyi, bu üsulla tamaşaçıların verilişləri tematik qruplara ayıra biləcəyi açıqlanıb. Məsələn, səhər verilişləri üçün seçilən narıncı və sarı rənglər Azərbaycanın üzərində doğan günəşi simvolizə edir. Göy rəng neytrallıq, obyektivlik, beynəlxalqlığı simvolizə edir və xəbər verilişlərinin yeni rəngi olacaq. ANS siyasi verilişləri ilə məşhurdur və onun əsas rəngi qırmızı hesab olunur. Buna görə də siyasi verilişlər üçün çox güclü rəng – qırmızı əsas götürüləcək. Həmçinin korporativ üslubda romb və qradient – bir rəngdən digərinə, yaxud da şəffaflığa keçiddən istifadə olunub ki, bu da öz növbəsində dinamika, müxtəliflik, eləcə də ANS-in tanınması baxımından önəmli olacaq. Yaxşı oxunaqlı, müasir və dəqiq tipoqrafikadan istifadə ediləcək. Bu cür tipoqrafika şriftlərlə rahat və zəngin əməliyyatlar aparmağa imkan verəcək və qrafik ahəngdarlıq yaradacaq. ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev yeni korporativ üslubun bütün sadalanan amilləri telekanala gələcəkdə daha çox qrafik imkanlara nail olmaq üçün şərait yaradacağını bildirib. Beləliklə, romb – yeni loqotip, eləcə də bütünlükdə korporativ üslub üçün əsas götürüləcək. Loqotip bir yerdə qoyulan üç rombdan ibarət olan bərabərtərəfli altıbucaq formasında olacaq. Üç romba üç hərf – A, N və S yazılacaq. Loqotipin bir neçə mənası olacaq: Romb – Şərq naxışının əsas tərkib hissəsi; Üç romb birlikdə – naxışın hissəsi; Üç hərf yazılmış üç romb – telekanalın adı; Üç romb – qutu – televizor və kameranın əsas forması; Qutu – onu açmaq mümkündür və içində hər zaman nə isə yeni, çoxdan gözlənilən sürpriz olur. GÜNEL


Bu yazı ( 227 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar