12px14px16px18px

İranda girovluqda saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib

AZƏRBAYCAN DSX-NIN İRAN SƏRHƏD POLİSİ İLƏ BİRGƏ KEÇİRDİYİ ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ NARKOTİK VASİTƏLƏRİN QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN TRANSSƏRHƏD CİNAYƏTKAR QRUPU ZƏRƏRSİZLƏŞDİRİLİB

01:11 / 18.05.2012
Dövlət Sərhəd Xidməti (DSX) İran sərhəd polisi ilə birgə Azərbaycan-İran dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan transsərhəd cinayətkar qrupu zərərsizləşdirib. Bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib. Aprel ayında keçirilmiş tədbirlər nəticəsində məlum olub ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil edib. DSX tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun Azərbaycan vətəndaşı olan 2 üzvü saxlanılıb. Onlarla aparılmış araşdırma zamanı məlum olub ki, İrandan Azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 Azərbaycan vətəndaşı – Masallı rayon sakini Əhmədov Zamin Gülhüseyn oğlu və Məmmədova Həmayıl Məmməd qızı İranın Parsabad şəhristanı Əlirzabad kəndində girovluqda saxlanılır. Onların səhhətinə və həyatına ciddi təhlükə yaranıb. Aprelin 27-də İran sərhəd polisinin aidiyyəti qurumu məlumatlandırılıb. Müqabil tərəfdə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və Azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb. İranın aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunan qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılıb. Girovluqda olan Azərbaycan vətəndaşları azad edilərək mayın 3-də Azərbaycana təhvil verilib. Tədbirlər nəticəsində İran tərəfdən mütəşəkkil cinayətkar qrupun digər üzvləri də aşkar olunub. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan silah-sursat və texniki vasitələr, külli miqdarda narkotik maddə, əntiq əşyalar, cinayət məqsədi ilə istifadə olunan 5 nəqliyyat vasitəsi, 3 ədəd mobil telefon və digər maddi sübutlar götürülüb. Həmin dövrdə Azərbaycan ərazisinə keçirilmiş narkotik vasitə və qrupun digər bir üzvü də saxlanılıb. Hazırda faktla bağlı birgə tədbirlər davam etdirilir.


Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar