12px14px16px18px

İntiqam Babayev: “Yaxın zamanlarda 15 rayonda “Gənclər evi” açılacaq”

11:40 / 16.05.2012
“Bu gün Azərbaycan əhalisinin 30%-ni 14 yaşınadək olanlar – uşaqlar təşkil edir”. Bunu çərşənbə axşamı parlamentdə Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev dilə gətirib. Nazir müavininin sözlərinə görə, son illər ölkədə uşaqlara hesablanmış siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirilib. O bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı dövlət komitəsinin yaradılması buna bariz nümunədir: “Həm dövlət siyasəti, həm də dövlət siyasətinin keçirilməsinə məsuliyyət daşıyan bir nazirlik olaraq, uşaqların təhsil alması, zorakılığa məruz qalmaması işi bizim əsas vəzifələrimizdəndir. Bunun üçün də onların istirahət və asudə vaxtlarının təşkili çox mühüm məsələlərdəndir. Düzdür, sovetlər dövründə istirahət və asudə vaxtın təşkili ilə bağlı pioner düşərgələri fəaliyyət göstərirdi. Ancaq məlum səbəblərdən həmin düşərgələrin böyük əksəriyyəti indi fəaliyyət göstərmir. Bununla belə, təxminən 10 ilə yaxındır ki, nazirliyin tərkibində “Respublika Uşaq İstirahət Mərkəzi” fəaliyyət göstərir. Hər il burada təxminən 1000-1200 uşaq dincəlir, istirahət edir. Özü də bu uşaqlar təkcə əla və dörd qiymətlər alanlar deyil, həm də müəyyən qədər müdafiəyə, maddi dəstəyə ehtiyacı olan uşaqlardır”. Nazir müavini eyni zamanda bildirib ki, hazırda respublikada uşaqlarla bağlı bir neçə istirahət və asudə vaxt mərkəzləri fəaliyyət göstərir: “Yaxın zamanlarda 15 rayonda “Gənclər evi”nin açılması nəzərdə tutulur ki, burada da uşaqların istirahət və asudə vaxtının təşkili məsələləri öz həllini tapacaq. Onu da qeyd edim ki, həmin gənclər evinin 10-u rayonlarda, beşi isə Bakının rayonlarında təşkil ediləcək. Bununla yanaşı, bu ilin sonunadək uşaqlarla bağlı yeni istirahət düşərgəsinin açılması nəzərdə tutulur”. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də uşaq siyasətinin Azərbaycanda dövlət siyasətinin aparıcı və prioritet istiqamətlərindən biri olduğunu bildirərək qeyd edib ki, son 20 ildə Milli Məclis tərəfindən uşaq hüquqları ilə bağlı xeyli sayda qanunlar qəbul edilib. Komitə sədrinin qeyd etdiyinə görə, “Uşaq hüquqları haqqında” mövcud Qanunun 25-ci maddəsində konkret olaraq, uşaqların istirahət və asudə vaxtlarının təşkili hüququ öz əksini tapıb: “Əgər cəmiyyətin bünövrəsini, əsasını, təməlini ailə təşkil edirsə, ailənin gözəlliyini, yaraşığını da uşaqlar təşkil edir. Ona görə də, uşaqların müdafiəsi, dəstəklənməsi, onların istirahət və asudə vaxtlarının təşkili bizim üçün ən önəmli məsələlərdəndir”. Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopulos bildirib ki, AŞ Nazirlər Komitəsi 2012-2015-ci illər üzrə uşaq hüquqları ilə bağlı strategiya qəbul edib: “Bu strategiyanın isə 47 üzv ölkə tərəfindən qəbul olunaraq icrası həyata keçiriləcək”. KAMİL



Bu yazı ( 15 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar