12px14px16px18px

Minsk qrupunun həmsədrlərindən növbəti bəyanat

BEYNƏLXALQ VASİTƏÇİLƏR QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ BAŞ VERƏN SON İNSİDENTLƏRLƏ BAĞLI NARAHATLIĞINI BİLDİRİB, TƏRƏFLƏRİ TƏMKİNLİ DAVRANMAĞA VƏ QİSASÇILIQDAN ÇƏKİNMƏYƏ ÇAĞIRIB

00:38 / 15.05.2012
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Prezidentlə görüşdən sonra jurnalistlərə açıqlama verən Minsk Qrupunun həmsədri Jak For deyib ki, rəsmi Paris münaqişənin dinc yolla həllinin tərəfdarı olub və olmağa davam edəcək. O, bunu Fransada yeni prezidentin seçilməsinin ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə necə təsir göstərəcəyinə dair suala cavabında bildirib. J.For yeni prezidentin andiçmə mərasimindən sonra yeni hökumətin formalaşacağını söyləyib: “Lakin Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətini dəyişiklik olmadan davam etdirəcək”. Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov isə jurnalistlərin “Rusiyanın yeni prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Dmitri Medvedyev kimi aktivlik nümayiş etdirəcəkmi” sualını cavablandırarkən bildirib ki, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub: “Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Rusiyanın vasitəçilik missiyası digər həmsədr ölkələrlə birlikdə davam etdirilməlidir. Yeni prezidentin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələləri ilə bağlıdır. Orada bildirilir ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə aktiv fəaliyyəti davam etdirməlidir. Bu fəaliyyət 2009-2011-ci illərdə yüksək səviyyədə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə əsaslanır. Düşünürəm ki, bu, Rusiyanın mövqeyini dəqiq ifadə edir”. Həmsədrlərin regiona səfərini şərh edən İqor Popov bunun planlaşdırılan səfər olduğunu bildirib: “Azərbaycan prezidenti və xarici işlər naziri ilə nizamlanmanın aktual məsələlərini müzakirə etdik. Biz prezidentlərin Soçi görüşündə əldə olunan razılaşmaların reallaşmasının aktual məsələlərini müzakirə etdik. Görüşlərdə xüsusilə nizamlanmaya dair sənəd üzərində işin gedişi müzakirə olundu. Biz ictimaiyyət və gənclər arasında görüşlərin təşkili məsələsinə də toxunduq. Bundan başqa müzakirələrdə aprelin sonunda qoşunların təmas xəttində baş verən insidentlərə də toxunulub. Gələcək təmaslara gəldikdə, ümidvarıq ki, yaxın aylar ərzində təmaslarımız davam edəcək”. İqor Popov Azərbaycan və Ermənistan ziyalıları və gəncləri arasında görüşlərin təşkili ilə məşğul olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə əlaqə saxladığını bildirib və qeyd edib ki, belə görüşlər yaxın vaxtlarda davam etdiriləcək. Jurnalistlərin suallarını cavablandıran ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib ki, həmsədrlər regiona səfər çərçivəsində Dağlıq Qarabağa getmək istəsələr də, bu səfər hava şəraiti səbəbindən baş tutmayıb. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona son səfərlərinin yekunlarına dair birgə bəyanatla da çıxış ediblər. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər mayın 11-14-də Bakı və İrəvana səfər edib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sərkisyanla görüşüblər. “Həmsədrlər tərəflərlə prezidentlər Əliyev və Sərkisyanın yanvarın 23-də Soçidə qəbul etdikləri öhdəliklərin reallaşması, o cümlədən münaqişənin sülh yolu ilə nizamlanmasının əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq mexanizmləri üzərində işləmək, humanitar əlaqələri inkişaf etdirmək kimi məsələlərlə bağlı müzakirələr aparıblar. Həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı narahatlığını bildirib və tərəfləri təmkinli davranmağa və qisasçılıqdan çəkinməyə çağırıblar. Həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasını alqışlayırlar”. Bəyanatda bildirilir ki, vasitəçilər tərəflərlə 1994-cü ildə əldə olunmuş atəşkəs haqqında razılaşmanın möhkəmləndirilməsi və qarşılıqlı inamın gücləndirilməsi üçün hərbi və humanitar sahələrlə qarşılıqlı etimad mühitinin formalaşdırılması məsələlərini müzakirə ediblər. Bundan başqa həmsədrlər münaqişə həllini tapana kimi risk zonasında yerləşən, Azərbaycan və Ermənistana məxsus mədəni və tarixi irsin mühafizə olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar. Bəyanatda qeyd olunur ki, vasitəçilər hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirələri yaxın gələcəkdə davam etdirməyi planlaşdırırlar.


Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar