12px14px16px18px

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

İRANIN ANTİAZƏRBAYCAN TƏBLİĞATINA SON QOYMASI TƏLƏBİ İLƏ KEÇİRİLƏN AKSİYADA GƏNCLƏR VƏ DİN XADİMLƏRİ İŞTİRAK EDİRDİLƏR

13:09 / 12.05.2012
Mayın 8-də Təbrizdə Azərbaycan konsulluğunun binası qarşısında keçirilən piketə cavab olaraq dünən bir qrup gənc İranın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Gənclər Bakı Dövlət Universitetinin tələbələri olduqlarını bildiriblər. Tələbələr deyiblər ki, onlar İranda azərbaycanlıların hüquqlarının pozulmasına, İranın Azərbaycana qarşı təbliğat aparmasına etiraz edirlər.
Aksiya iştirakçıları "Azərbaycan!”, “İran, murdar ermənini qucağından burax!”, “Azərbaycan var olsun, İrana ar olsun!”, “Homoseksualist İran mollarına Azərbaycanda yer yoxdur!”, “Şuşanı ermənilərə İran hakimiyyəti satıb!” və başqa şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sərkisyanın birgə şəkli olan plakatlar tutublar.
Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir Qarabaği aksiyada çıxış edib. O, İranın Azərbaycana qarşı bu cür münasibət göstərməsi İslam dinin qaydalarına ziddolduğunu deyib.
Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə İranın Azərbaycana qarşı qərəzli mövqe göstərməsi, Ermənistanla dostluq əlaqələri qurması, İranda yaşayan 30 milyonluq azərbaycanlıya qarşı mədəni soyqırımı həyata keçirilməsi qeyd olunub: “İran hakimiyyəti Azərbaycanın əldə etdiyi uğurları görmək istəmir. İndiyə qədər bir dəfə də olsun Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı dilinə gətirməyən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı abidəsinin qarşısına əklil qoyur. Biz Azərbaycan gəncləri ölkəmizdə İranın təxribatlarına yol verməyəcəyik”.
Bu arada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurası son vaxtlar İran İslam Respublikasının bəzi din xadimlərinin çağırışları və Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən fikirlərdən narahatlıq ifadə edən bəyanat yayıb. Bəyanatda bunlar yer alıb: “Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu, yüksək inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində nailiyyətlər qazanır. Uğurlarımızın təminində şübhəsiz ki, milli-mənəvi ənənələrimizə sahib çıxmağımız, bu ənənələrin kökündə duran dini dəyərlərimizə, bütün dinlərin nümayəndələrinə ehtiramlı münasibətimiz böyük rol oynayır. Sovetlər dönəmində Azərbaycanda 18 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-ə yaxın ibadət məkanı fəaliyyət göstərir. Dövlətin maddi və mənəvi dəstəyi, habelə ulu öndərimizin adını daşıyan fondun xətti ilə təkcə son 10 il ərzində Azərbaycanda 417 məscid təmir və bərpa olunub, nəinki ölkə daxilində, həmçinin ölkəmizin hüdudlarından kənarda məscidlərin təmir və bərpası reallaşdırılıb. Elə bu günlərdə Serbiyada dövlət başçımızın dəstəyi sayəsində bərpa edilərək dindarların istifadəsinə verilmiş Bayraklı Camesi buna bariz sübutdur. Əqidə və əməlləri ilə milli-mənəvi dəyərlərimizə bağlı olan dövlət başçımızın qayğısı sayəsində Təzəpir, Əjdərbəy, Şamaxı Cümə, Gəncə İmamzadə məscidləri və digər dini ibadətgahlarımız möhtəşəm təmir və bərpa işlərindən sonra dindarların ixtiyarına verilmişdir və bu proses davamlı olaraq həyata keçirilməkdədir. Bütün bunların dövlət səviyyəsində, dövlət başçısının şəxsi diqqət və qayğısı sayəsində həyata keçirilməsi Azərbaycan xalqını ürəkdən sevindirir. Dünyəvi dövlət xalqımızın seçimidir. Müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu hüquqi-demokratik və dünyəvi dövlət quruluşumuzu təsbit edir, əqidə azadlığımızı qoruyur. Milli-mənəvi irsinə sadiq bir dövlətin vətəndaşları olaraq biz - Azərbaycan Respublikasının elm və din xadimləri milyonlarla insanın etimadını qazanaraq xalq tərəfindən seçilmiş, ölkəmizin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi qoruyan, dini abidələrə yeni həyat verən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında xidmətlərinin müstəqilliyimizi həzm edə bilməyənlər, uğurlarımızı gözü götürməyənlər tərəfindən inkar edilməsinə, xalqımıza, dövlətimizə və milli-mənəvi dəyərlərimizə qarşı təhqirlərə biganə qala bilmərik. Biz, Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, xalqımız və dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edilməsini, müstəqil siyasətimizin təhdid edilməsini heç bir vəchlə qəbul etmir, bunu daxili işlərimizə müdaxilə hesab edirik. Xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, islam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Dövlət başçımız tərəfindən Azərbaycan ərazisindən qonşu İran dövlətinə qarşı hər hansı təcavüzə imkan verilməyəcəyinin bəyan edilməsindən sonra bu növ aksiya və bəyanatlara yol verilməməliydi. Dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil. Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik. Ən böyük problemimiz olan ərazi bütövlüyümüzün bərpası məsələsində, haqq işimizin qələbəsində hər zaman dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyirik. Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik. İstər sovetlər dönəmində dini dəyərlərimiz əsl təhlükədə olduğu bir zamanda, istərsə də erməni ekstremistləri xalqımıza qarşı təcavüzkarlıq aktları həyata keçirərkən atılması tələb olunan addımlar gerçəkləşdirilmədiyi halda, indi heç bir səbəb olmadan belə lüzumsuz bəyanatların verilməsi başa düşülən deyil. Təəssüf edirik ki, Azərbaycan torpaqlarının işğalına, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, təhqir olunmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvalarını eşitmədiyimiz halda, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı olaraq maddi və mənəvi dəstəyinin şahidi olmaqdayıq. Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli-mənəvi dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq. Allah köməyimiz olsun!”
Aqil LƏTİFOV



Bu yazı ( 261 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar