12px14px16px18px

Mərhum şair Ağa Laçınlının yeni kitabının təqdimatı olacaq

11:32 / 12.05.2012
Mayın 16-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum şair Ağa Laçınlının şeirlərindən ibarət yeni kitabın təqdimat mərasimi keçiriləcək.
Təqdimat mərasimi saat 14-də başlayacaq.
Yeni kitabda Ağa Laçınlının vaxtilə işıq üzü görmüş şeir kitablarından seçmələr toplanıb. Kitab “Sabah” nəşriyyatında 520 səhifədə çap edilib.
XX əsrin 60-cı illərində ədəbiyyata gəlmiş Ağa Laçınlının ilk şeir kitabı “Ümid” 1966-cı ildə, sonuncu şeir kitabı “Alın yazımız” 1992-ci ildə çap olunub. Aradakı illər ərzində şairin Azərbaycan dilində daha 9 şeir kitabı çıxıb: “Sakitik” (Bakı, 1970), “Sirli-soraqlı dağlar” (Bakı, 1971), “Torpağın gücü” (Bakı, 1973), “Ana duyğusu” (Bakı, 1976), “Aşırımlar qarşısında” (Bakı, 1978), “Vaxt yetişəndə” (Bakı, 1980), “Sevgimizlə sevindirək” (1981), “Meşə nəğməsi” (Bakı, 1985), “Gecə yuxusu” (Bakı, 1986).
“Sabah” nəşriyyatının çap etdiyi topluda Ağa Laçınlının kitablarından seçmələr xronoloji ardıcıllıqla təqdim olunub. Topluya şairin müstəqillik dövründə qələmə aldığı, amma kitab şəklində çap olunmamış bir neçə şeiri də daxil edilib. Kitabın redaktoru Şirindil Alışanlıdır. Toplunu Fəxri Uğurlu tərtib edib.
1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki “Ədəbiyyat qəzeti”) şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqının (Birliyi) “Natəvan” klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.



Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar