12px14px16px18px

“Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”

QOŞULMAMA HƏRƏKATININ QƏBUL ETDİYİ SƏNƏDDƏ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ TANINIR VƏ ÖLKƏMİZİN BEYNƏLXALQ ARENADA MÖVQELƏRİNİ MÖHKƏMLƏNDİRDİYİ QEYD OLUNUR

01:52 / 11.05.2012
“Suveren dövlətlərdə beynəlxalq hüquq və azadlıq hüququnun norma və prinsiplərinə əməl olunmasını təmin etmək üçün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin dəstəklənməsi Azərbaycanın başlıca vəzifəsi olub və olaraq qalmaqdadır”. “Trend”in məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının iclasındakı çıxışı zamanı dilə gətirib. XİN rəhbəri bildirib ki, suveren dövlətin müstəqil xarici siyasət yürütmək kimi ayrılmaz hüquqü həmləyə məruz qaldıqda, suverenliyə, ərazi bütövlüyünə və suveren dövlətin müstəqilliyinə qarşı təcavüz törədildikdə beynəlxalq birlik neytral qalmağı özünə rəva görməməlidir: “Bununla əlaqədar, Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən BMT-nin dörd qətnaməsində təsbit edildiyi kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığına və suverenliyinə yekdil dəstəyi görmək bizi sevindirir”. Nazirin sözlərinə görə, bu dəstək beynəlxalq birliyin Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzkar güc tətbiqinin nəticələri ilə razılaşmadığını sübut edir. E.Məmmədyarovun sözlərinə görə, Qoşulmama Hərəkatı üzv ölkələrə daha ədalətli və çiçəklənən dünya düzəni istiqamətində ardıcıl səylər göstərməyə imkan verir. O deyib ki, bu gün beynəlxalq birlik iqtisadi və maliyyə böhranlarının, ekoloji problemlərin, çox zaman ekspansionist siyasətin, terrorizmin, separatizmin, transmilli mütəşəkkil cinayətkarlığın və ekstremizmin daha çox birləşdiyi regional münaqişələrin doğurduğu misli görünməmiş çətinliklərlə üzləşir: “Bunların hamısı bizim birgə səylərimizdə yeni vəzifələrə gətirib çıxarır və Qoşulmama Hərəkatı çərçivəsində böyük həmrəyliyin, dialoqun və əməkdaşlığın vacibliyini bir daha qeyd edir. Biz Hərəkatın prinsip və məqsədlərinə hərfən və ruhən sadiqik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi alyansın iştirakçısı deyil”. Nazir bildirib ki, Azərbaycan demokratikləşməyə, insan haqlarına hörmətə və sosial ədalətə xüsusi diqqət ayıran hökuməti ilə sürətlə inkişaf edən ölkədir. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir, Hərəkatın prinsiplərinə, məqsəd və gündəliyinə öz töhfəsini verir: “Biz Qoşulmama Hərəkatı ölkələri ilə ikitərəfli münasibətləri aktivləşdiririk. Azərbaycanda Hərəkata üzv olan bir neçə ölkə üçün inkişafa yardım layihələrinin reallaşdırılmasına başlanılıb. Biz gələcəkdə də bu fəaliyyətin genişləndirilməsini nəzərdən keçiririk. Biz bu gün gündəlikdə əks olunmuş məsələlərin müxtəlifliyində təzahür olunan Hərəkata kompleks yanaşmanı dəstəkləyirik”. Bu arada Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında yekun sənəd qəbul olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə verdiyi açıqlamada yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanıb. Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıblar. Sənəddə bildirilir ki, münaqişə güc tətbiq etməmək və beynəlxalq hüququn əsas prinsipləri əsasında həll olunmalıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə tanınır və ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyi qeyd olunur. Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhlükə törətməkdə davam etməsindən təəssüflərini ifadə ediblər. Onlar BMT-nin nizamnaməsində öz əksini tapmış güc istifadə etməmə prinsipinin vacibliyini bir daha təsdiq edib və tərəflərin münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmaqda davam etməyə çağırıblar. Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir, Azərbaycan bu hərəkata 2011-ci ildə üzv qəbul olub. Yaradılmasından 50 il sonra Qoşulmama Hərəkatı bu gün sülhün və təhlükəsizliyin dəstəklənməsində və bir çox məsələlərin həllində, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişaf məsələlərinə qədər mühüm rol oynayır.


Bu yazı ( 224 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar