12px14px16px18px

“Heydər zirvəsi”nə kütləvi yürüş keçirilib

01:11 / 11.05.2012
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüş keçirilib. APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə keçirilən yürüşdə iştirak etmək üçün Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olmuş məktubda 241 nəfərin, Azərbaycan Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olmuş üç məktubda ümumilikdə 75 nəfərin qatılacağı bildirilib. Müraciətlərdə adları göstərilən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilməklə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əmrinə əsasən bir həftə ərzində Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar qeyd olunan müddət ərzində giriş haqqından azad ediliblər. Parkın direktoru Arzu Mustafayevin sözlərinə görə, adi günlər zirvəyə giriş haqqı Azərbaycan vətəndaşları üçün 26 manat, əcnəbi vətəndaşlar üçün isə 52 manat təşkil edir. Nazirliyin aidiyyəti qurumları tərəfindən həmçinin kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib, Zirvənin ətəyində salınmış düşərgəyədək aparan cığırlarda isə 10-15 metr intervalla qarğıdan nişanlar quraşdırılıb. 3000 metr hündürlükdə yerləşən düşərgənin özü də yürüş iştirakçıları üçün ekstremal şərtlərə uyğunlaşdırılıb. Zirvəyə qalxmaq istəyənlərin səhhəti isə ayrıca həkimlər tərəfindən diqqət mərkəzində saxlanılıb. Ümumilikdə Böyük Qafqazın Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi” 3751 metr hündürlükdədir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları ilə yanaşı yürüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həmçinin jurnalistlər də iştirak edib. Qurumun əməkdaşları və media mənsubları da soyuq hava şəraitinə baxmayaraq beş saatadək dağ cığırları ilə piyada yol qət edərək düşərgəyə çatıblar. Hər il olduğu kimi bu il də “Heydər zirvəsin”ə anım yürüşündə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da iştirak edib.


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar