12px14px16px18px

Kürdəmirdə dolu və leysan yağışı nəticəsində 200-ə yaxın evi su basıb

01:09 / 11.05.2012
Kürdəmir rayonuna düşən dolu və güclü leysan yağışları təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub, Kür çayı sahilində yerləşən Carlı və Quşlar kəndində həyatı iflic edib. Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-ya bildirib ki, ötən gecə dolu və güclü küləklə müşayiət edilən leysan yağışları nəticəsində əmələ gələn sel suları Carlı və Quşlar kəndində bütün həyətyanı sahələrə dolub, 200-ə yaxın evi su basıb, əkin sahələri sel sularının və lil çöküntülərinin altında qalıb. Kərpicdən tikilən bir çox evlərə xeyli ziyan dəyib. Keçən il qrunt sularının təsiri nəticəsində və ötən bir sutkada yağan yağışların gətirdiyi sel suları səbəbindən hazırda Carlı kəndində 30 ev qəzalı vəziyyətdədir. V.Məmmədovun sözlərinə görə dolu və leysan yağışları rayonda mövcud olan 7 min hektar taxıl sahəsinin və 3 min hektar bostan və tərəvəz sahələrinin və meyvə bağlarının 60 faizini məhv edib. Vətəndaşlar tərəfindən fərdi təsərrüfatlarda bəslənilən 50 baş toyuq-cücə, 9 baş iri və xırda buynuzlu heyvan tələf olub. Güclü külək nəticəsində Mollakənddə ağaclar aşıb, bir evin dam örtüyü dağılıb. Bu gün axşamadək Carlı və Quşlar kəndinin sel sularından xilas edilməsi üçün rayon yanğından mühafizə hissəsinin və su-kanal idarəsinin 20-yə yaxın su nasosları, maşın və mexanizmləri fəaliyyət göstərib. Yağış sularının kəndlərdən çəkilərək Kürə axıdılması istiqamətində işlər sabah da davam etdiriləcək. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırırlar. Yağış, sel və dolunun təsərrüfatın ayrı-ayrı sahələrinə vurduğu ziyanın məbləği hesablamalardan sonra məlum olacaq.


Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar