12px14px16px18px

“Dövlət komissiyasından keçməmiş binalardan mənzil almaq cinayətdir”

HACIBALA ABUTALIBOV: “SÖKÜLƏN EVLƏRƏ GÖRƏ TƏKLİF OLUNAN MƏBLƏĞİ BİZ DEYİL, QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASI MÜƏYYƏNLƏŞDİRİR”

01:07 / 11.05.2012
“Paytaxtın abadlaşdırılması məqsədilə evləri sökülərək, yeni mənzillərlə təmin edilən sakinlərin 99 faizi hökumətin təkliflərindən narazı deyil. Təəssüf ki, narazı olanlar var. Biz bazar qiymətinə uyğun məbləğ təklif edirik. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyinin mütəxəssislərindən təşkil olunmuş qiymətləndirmə komissiyası mövcuddur. Biz də həmin qiymətləndirməyə uyğun sakinlərə pul təklif edirik. Bakı Şəhər İcra Hakimiyyəti özündən qiymət müəyyənləşdirmir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. H.Abutalıbov bildirib ki, evləri sökülən vətəndaşlara hər kvadrat metrinə görə 1500 manat və ya təmir olunan mənzillər təklif olunur: “Təklif edilən məbləğlə razılaşmayan vətəndaşlara, onların yaşadığı mənzillərin üzərinə 20 faiz əlavə sahə gəlməklə, yeni təmir olunan mənzil verilə bilər. Bu gün paytaxtın bütün küçələrində yeni mənzillər inşa olunur. Biri deyir ki, mənzil dəniz kənarında olmalıdır. Digəri mənzilinin Heydər Əliyev parkının yaxınlığında olmasını istəyir”. H.Abutalıbov paytaxtın Yasamal, Səbail, Xətai, Nizami rayonlarında evləri sökülən vətəndaşlara mənzillər təklif edildiyini də qeyd edib: “Ancaq bilirsiniz ki, sakinlərin çoxu yeni evlərdən mənzil almaq istəmirlər. Deyirlər ki, pulu verin, qonşu küçədən ev alaq. Həmin pulu veririk. Ancaq bunu bilmək lazımdır ki, mənzilin hər kvadrat metri üçün vətəndaşa 1500 manat pul verilir. Bu məbləğə notarius xərcləri, vergi və digər xərclər daxil deyil. Mənzilləri isə biz seçmirik, vətəndaşlarımız özləri seçir. Təmiri özləri etmək istədikdə, əlavə olaraq təmir xərcini də ödəyirik”. “Sakinlərin niyə daha çox “Azinco” şirkətinin inşa etdiyi binalara köçürülür?” sualını da cavablandıran H.Abutalıbov bu fikirlə razılaşmadığını deyib: “Bir vətəndaş, əsasən də sizin həmkarlarınızdan olan sakin çox canfəşanlıq edirdi. Onlara dedim ki, gəlin, sizə öz mənzilinizdən 2 dəfə böyük mənzil verim. Razılaşmadılar, mənzilin müqabilində pul istədilər. 3 otaqlı mənzil üçün verdiyimiz pulun müqabilində “Zamin Bank”ın yanındakı 9 mərtəbəli binadan bir 4 otaqlı, bir 3 otaqlı mənzil alıblar, indi də əlavə olaraq 3 otaq da istəyirlər”. Merin sözlərinə görə, bina sərəncamı olsa da, tikintiyə icazə verilsə də, bina dövlət komissiyasından keçməyibsə, o binadan mənzil almaq cinayətdir. H. Abutalıbov “Mur-Ay” MMC və “Gen” MMC tikinti şirkətləri ilə bağlı yaranan problem və paytaxt meriyasının bununla bağı mövqeyi haqqında danışıb: “Mur-Ay” tikinti şirkətinin fəaliyyəti ilə bağlı bir şikayətçi yoxdur. Bu şirkətdən ev alan vətəndaşların hamısı mənzillə təmin olunub. O ki, qaldı “Gen” MMC-yə, onların əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı yoxdur”. Bakı şəhər icra hakimiyyətinin başçısı deyib ki, “Gen MMC” ilə bağlı yaranmış problemdə dövlətin heç bir günahı yoxdur: “Onları adi bir oğru aldadıb. Heç bir zaman sərəncamı olmayan evə pul verməzlər. Bir daha deyirəm, tam təmir olunan, dövlət komissiyası tərəfindən qəbul edilən binalardan mənzil alınmalıdır”.







Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar