12px14px16px18px

Zəlzələ bölgəsində 1360 ev qəzalı vəziyyətə düşüb

KƏMALƏDDİN HEYDƏROV: “BU GÜNDƏN ZƏLZƏLƏ BÖLGƏSİNDƏ TİKİNTİ-BƏRPA İŞLƏRİNƏ BAŞLANACAQ”

01:22 / 09.05.2012
Azərbaycanın Zaqatala rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Operativ Qərargahı yaradılıb. APA-nın yerli bürosunun xəbərinə görə, qərarhagda FHN-nin mərkəzi aparatının və regional mərkəzinin əməkdaşları ilə yanaşı Zaqatala rayonunun icra sturkturlarının nümayəndələri də fəaliyyət göstərirlər. Agentliyin yerli bürosunun əməkdaşının bildirdiyinə görə, əsasən Zaqatalada evləri zərər çəkmiş insanlar çadırlarla təmin olunur. Zaqatalanın Gözbarax, Zəyəm, Qımır, Çobankol, Bazar və Qax rayonunun Güllü, Tasmalı, Ləkid, Zərnə, Lələpaşa kəndlərində evləri qəzalı vəziyyətə düşən sakinlərə çadır paylanılıb. Qeyd edək ki,srağagün səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra isə müxtəlif vaxtlarda təkanlar qeydə alınıb. Hadisə nəticəsində daha çox köhnə tikililər qəzalı vəziyyətə düşüb, çatlar yaranıb. Zəlzələdə ölən və ağır bədən xəsarətləri alan şəxslər olmayıb. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hadisə rayonuna gəlib. Nazir Zaqatala və ətraf rayonlarda olub, kəndlərə baş çəkib, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş tikililərdən bəzilərinə baxış keçirib. K. Heydərov bildirib ki, FHN-nin mütəxəssisləriniin aparacağı dəqiqləşdirmə və siyahıyaalmadan sonra zəlzələ nəticəsində tamamilə qəzalı vəziyyətə düşmüş evlər yenidən tikiləcək, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işləri aparılacaq. “Dünən (srağagün – red.) axşam saat 19.15-də baş vermiş sonuncu güclü yeraltı təkandan sonra Zaqatala rayonunda 800-ə yaxın evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib”. Bunu APA-ya açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov deyib. Onun sözlərinə görə, qəzalı evlər əsasən rayonunun Mamrıx, Gözbarax, Muxax, Zəyəm, Bazar, Qımır kəndlərində qeydə alınıb. E. Ramazanovun dediyinə görə, dünəndən bölgədə olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən də yerli əhali ilə görüşüb, qəzalı tikililərin bəzisinə baxış keçirib. Nazir zəlzələ nəticəsində ciddi zərər çəkmiş evlərin yenidən tikiləcəyini, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işləri aparılacağını bildirib. Srağagündən etibarən rayonda FHN-in Operativ Qərargahının fəaliyyət göstərdiyini deyən E. Ramazanov evləri qəzalı vəziyyətdə olan sakinlərin müvəqqəti çadırlarda yerləşdirildiyini bildirib: “Sabahdan rayona tikinti materialları gətirilərək, artıq qəzalı binaların təmir-tikintisinə başlanılacaq”. İcra başçısının müavini bildirib ki, rayonun 5-6 kəndinə elektrik enerjisinin verilişində fasilə yaranıb: “Orada xətlərdə xüsusi problem yoxdur. Sadəcə, zəlzələnin episentrinə yaxın kəndlərə elektrik enerjisinin verilişi təhlükəsizlik məqsədilə dayandırılıb”. E. Ramazanovun sözlərinə görə, eyni məqsədlə Zaqatala rayonuna qaz verilişi də müvəqqəti dayandırılıb. Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə bildirib ki, komissiyalar srağagündən Zaqatala, Balakən, Qax rayonlarının zəlzələnin təsiri olan ərazilərində işləyir: “Dünən (srağagün – red.) axşam baş vermiş 5.7 bal gücündə yeni təkanlardan sonra əvvəlki zəlzələdə qismən zədələnmiş evlərin böyük əksəriyyəti uçub, tam qəzalı vəziyyətə düşüb”. Nazir bildirib ki, son məlumata görə, zəlzələ bölgəsində 1360 qəzalı ev, 20-yə yaxın zərər dəymiş sosial obyekt qeydə alınıb: “Kəndlərdə olduq, sakinlərlə görüşdük. İnsanların narahatlığı başa düşüləndi, evlərdə yaşamağı təhlükəli hesab edirlər. Biz əhaliyə çadırlar paylayırıq”. Nazir bildirib ki, ilk zəlzələdən sonra qəzalı evlərin sayı az olsa da, günün sonunda baş vermiş təkanlar bu rəqəmin artmasına səbəb olub: “Ehtiyacı olan bütün ailələri çadırlarla maksimum təmin etməyə çalışırıq. İstəyirik ki, qəzalı vəziyyətdə olan evlər yenidən tikildiyi müddətdə insanlar çöldə qalmasınlar”. K. Heydərov Azərbaycan prezidentinin zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində növbəti tapşırıqlar verdiyini bildirib: “Cənab prezident tərəfindən bizə və Nazirlər Kabinetinə tapşırıqlar verilib. Yəqin ki, evlərin tikilməsi üçün müəyyən qədər ilkin vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanacaq”. Nazir hazırda mütəxəssislərin və tikinti şirkətlərinin bölgəyə cəlb olunduqlarını da qeyd edib: “Artıq tikinti şirkətləri hansı ərazilərdə işləyəcəklərinin bölgüsünü aparıb, tikinti materiallarının böyük bir hissəsi isə artıq bura gətirilir. Sabahdan (bugündən – red.) zəlzələ bölgəsində tikinti-bərpa işlərinə başlanılacaq. Çalışacağıq ki, cənab prezidentin tapşırığına əsasən, bu iş qısa müddətdə yerinə yetirilsin, əhalinin daha rahat və təhlükəsiz evlərdə yaşaması təmin edilsin”. Nazir vətəndaşlara müraciət edərək, fərdi evlərin tikintisi zamanı layihələndirmə işlərini qanunauyğun şəkildə aparmağı tövsiyə edib: “Maksimum təcrübədən keçirilmiş inşaat materiallarından istifadə etmək, mütəxəssislərin köməyindən yararlanmaq, materialları ekspertizadan keçirdikdən sonra tikinti işlərinə başlamaq lazımdır. Xüsusilə bu ərazilərin seysmik zona olduğunu nəzərə alıb, daha diqqətli və qanunauyğun tikinti aparmaq vacibdir”. Dünən axşam AzərTAc-ın yaydığı məlumata görə, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb


Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar