12px14px16px18px

Azərbaycan səfiri BMT baş katibinə məktub göndərdi

“BEYNƏLXALQ İCTİMAİYYƏT ERMƏNİSTANDAN ANNEKSİYA VƏ ETNİK TƏMİZLƏMƏ SİYASƏTİNİ DAYANDIRMAĞI TƏLƏB ETMƏLİDİR” “

01:18 / 09.05.2012
Beynəlxalq ictimaiyyəti çağırırıq ki, Ermənistandan öz anneksiya və etnik təmizləmə siyasətinə son qoymağı tələb etsin”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin BMT baş katibi Pan Gi Muna göndərdiyi məktubda öz əksini tapıb. Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, bu ilin iyulunda Azərbaycanın işğal altında olan ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi planlaşdırılır. Səfir Aqşin Mehdiyev məktubunda bildirib ki, beynəlxalq birlik Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal olunmuş ərazi kimi tanıyıb: “Ermənistan Azərbaycan torpaqlarının işğal etmək üçün hərbi güc sərf edib və orada marionet separatçı təsisat yaradıb. Bu təsisat təcavüzkar siyasətin törəməsindən başqa bir şey deyil və Ermənistanın siyasi, hərbi, iqtisadi və digər yardımlarının hesabına mövcudluğunu qoruyur. Bu separatçı təsisatın qeyri-qanuni olduğu dəfələrlə beynəlxalq səviyyədə vurğulanıb. Münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə nizamlanmasına yönəlik siyasi səylərin davam etməsinə baxmayaraq Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif növ qeyri-qanuni fəaliyyət həyata keçirir. Bu isə Ermənistanın o torpaqları öz ərazisinə birləşdirmək niyyətini aşıq şəkildə ortaya qoyur”. Səfir BMT üzvü olan ölkələri bu cür qanunsuz və təxribat xarakterli addımlara qarşı birmənalı etiraz etməyə çağırıb.


Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar