12px14px16px18px

Bakıda “the business year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib

01:17 / 09.05.2012
Dünən Bakıda “the business year” jurnalının Azərbaycana həsr olunmuş “Azerbaijan 2012” xüsusisi buraxılışının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış “Evrovision”a hərs olunub. Jurnalda 160-dək dövlət və iş adamından, o cümlədən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan müsahibələr əksini tapıb. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, 2 ildir dünyanın diqqəti “Evrovision”la bağlı Azərbaycana yönəlib: “Biz mədəniyyətimizlə, azərbaycanlı olduğumuzla fəxr edirik. Qonşularımız Azərbaycan xalqının mədəniyyətindən bəhrələnərək öz mədəniyyətlərini yaratmağa çalışdılar”. Ə. Həsənov deyib ki, bəzi QHT-lər, mətbuat orqanları ciddi cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışırlar ki, “Eurovision” keçirilməsin: “İki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar. Təəssüf ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var. Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan milli-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlilədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar”. Ə. Həsənov qeyd edib ki, “Eurovision” Azərbaycan üçün imkan deyil, məqsəddir: “Məqsəd Azərbaycanın mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır. Bütün dünyaya göstərəcəyik ki, biz nəinki “Eurovision”u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini söyləyib: “Keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyon 234 min nəfər olub və turistlərin sayı 14 faiz artıb”. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan dünyada maliyyə böhranından şərəflə çıxan azsaylı ölkələrdən biridir: “Ölkədə yoxsulluq problemi həllini tapıb. Dörd milyondan artıq insan yoxsulluq həddindən çıxıb. Yoxsulluq həddi 8 ildə 4 dəfə azaldılıb, hansı ki, bir çox ölkələrdə bu proses bir neçə onillik tələb edir. Dövlət investisiyaları son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olub. Strateji ehtiyatlar dövlət borcunu 10 dəfə üstələyib. Son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22 faiz təşkil edib. Xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artıb. Yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaq. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə bildirib ki, fonda indiyədək 70 milyard dollardan artıq vəsait daxil olub: “Fond tərəfindən ölkənin sosial-iqtisadi həyatına aid çoxsaylı layihələr maliyyələşdirilib. Hazırda fondda 32 milyard dollardan artıq vəsait mövcuddur. Azərbaycan eyni zamanda beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulub”. Tədbirdə “the businessyear” jurnalının bölgə direktoru Jason Nash, “Gilan Holding” şirkətlər qrupunun təmsilçisi Rəşad Qasımov və digər şəxslər də çıxış ediblər.


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar