12px14px16px18px

Şuşasız 20 il

BU GÜN AZƏRBAYCANIN MƏDƏNİYYƏT BEŞİYİ SAYILAN ŞUŞANIN İŞĞALININ NÖVBƏTİ İLDÖNÜMÜDÜR

11:44 / 08.05.2012


Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan Şuşa şəhərinin işğal olunmasından 20 il keçir. Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24 900 əhali yaşayırdı. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb.
200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb. O cümlədən, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.
Erməni vandalizmi təkcə canlılara deyil, həm də abidələrə qarşı çevrilib. Belə ki, erməni millətçiləri Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləbaran ediblər. Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır. BMT Təhlükəsizlik Şurasının İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı Qətnamə və 1690 saylı Tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir. Qeyd edək ki, bu il aprelin 9-da Prezident İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncamda deyilib ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. “Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır. 1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.
1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi”. Sənəddə qeyd edilib ki, Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülübb: “Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər”. Şuşanın süqutunun iyirminci ildönümü ərəfəsində şəhərin müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir daha dərin hüznlə yad edən prezident Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar müvafiq anma mərasimləri keçirilməsinə sərəncam verib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etməlidir.



Bu yazı ( 139 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar