12px14px16px18px

Şuşanın işğalı Pakistan mətbuatında

11:38 / 08.05.2012

Pakistanın nüfuzlu ingilis dilli “Daily National Herald Tribune” və “Statetimes” qəzetlərində jurnalist Zahida Amir “Şuşa-Qavqaz mədəniyyətinin beşiyi. İşğalın 20 ili ” adlı məqaləsi dərc olunub. Məqalədə iyirmi ildən çox davam edən Ermənistan –Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələrindən məlumatlar verilib.
Yazıda 20 il öncə Azərbaycan mədəniyyətinin mərkəzi sayılan Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunduğu vurğulanıb. Qeyd edilib ki, 1992-ci ilin mayın 8-də sayca böyük üstünlük təşkil edən erməni qüvvələrinin Sovet ordusunun zirehli texnikasının dəstəyi ilə Şuşaya həmləsi şəhərin müdafiəçilərinin şiddətli müqavimətinə rast gəlib. Jurnalist yüzlərlə Azərbaycan əsgərinin Şuşanın müdafiəsi zamanı şəhid olduğu qeyd edib.
Daha sonra yazar Şuşanın yaranması tarixindən, strateji yerləşməsindən bilgilər verib. Qeyd edib ki, Şuşa dəfələrlə düşmən həmləsinə məruz qalmış və bütün sınaqlardan alnı açıq çıxıb.
Zahida Amir məqaləsində ermənilərin Azərbaycana və həmçinin Dağlıq-Qarabağa köçürülməsi tarixindən geniş məlumatlar verib. Bildirilib ki, bu siyasət nəticəsində Dağlıq-Qarabağın demoqrafik durumu ermənilərin xeyrinə dəyişsə də, Şuşa şəhərində Azərbaycanlılar tam üstünlük təşkil edirdilər. Jurnalist 20-ci əsrin əvvəllərində və 80-ci illərin sonunda ermənilərin Azərbaycana qarşı ərazi iddialarının qaldırdığını vurğulayıb. Yazar Şuşa işğalının şəhərin ətrafında yerləşən Malıbəyli, Quşçu, Xocalı və digər məntəqələrin zəbt edilməsindən başlandığını bildirib.
Daha sonra Şuşa şəhərində Azərbaycanın mədəni irsinə aid abidələr, muzeylər, məscidlər və tarixi sənədlər məhv edilmiş, xalçalar və digər qiymətli əşyalar isə xarici hərraclarda erməni irsinə məxsus iddiası ilə satılıb. Pənahəli Xanın sarayı, Cümə və Gövhər Ağa məscidləri, Xurşibanu Natavanın ev-muzeyinin Erməni vandalizminin qurbanı olduqları vurğulanıb.
Zahidə Amir uzun müddətdir ki, işğal altında olan Şuşa rayonunun ermənilər tərəfindən qanunsuz silah və narkotik alveri məqsədi ilə istifadə olunduğunu qeyd edib. Məqalənin müəllifi Dağlıq Qarabağ probleminin həllinə dair Minsk qrupu vasitəçiliyi ilə gedən danışıqların hələ də bir nəticə vermədiyini bildirib.
Məqalədə Azərbaycan Milli Məclisinin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciət etdiyini vurğulanıb və müraciətdən sitatlar gətirilmiş, həmçinin Şuşanın görüntülərini əks etdirən foto şəkillər təqdim edilib.



Bu yazı ( 49 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar