12px14px16px18px

“Qəbələ RLS Hind Okeanını nəzarətdə saxlamağa imkan verir”

RUSIYALI POLITOLOQ SERGEY ROQOV: “BU ƏRAZIDƏ ABŞ-IN STRATEJI SUALTI QAYIQLARI DÖYÜŞ NÖVBƏSI ÇƏKIRLƏR” RUSİYA ELMLƏR AKADEMİYASININ ABŞ VƏ KANADA İNSTİTUTUNUN DİREKTORU, MÜDAFİƏ MƏSƏLƏLƏRİ VƏ XARİCİ SİYASƏT ÜZRƏ TANINMIŞ EKSPERT, AKADEMİK SERGEY ROQOVUN APA-YA MÜSAHİBƏSİ

11:52 / 05.05.2012
– Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılması ilə bağlı Azərbaycanla danışıqlar hansı mərhələdədir?
– Məsələ burasındandır ki, Qəbələ RLS-in icarə müddəti bitmək üzrədir və Rusiya öz raket hücumundan xəbərdarlıq sistemini modernləşdirməkdə maraqlıdır. Öz ərazimizdə yerləşən Armavir tipli yeni radiolokasiya stansiyası bu məsələni əhəmiyyətli dərəcədə asanlaşdırır. Bununla belə Qəbələnin coğrafi mövqeyini nəzərə alsaq, əlbəttə ki, bu RLS-i modernləşdirilmiş vəziyyətdə saxlamaq yaxşı olardı.
– Mətbuatda Azərbaycan tərəfinin Qəbələ RLS-in icarəsinə görə illik 300 milyon dollar tələb etdiyini yazır...
– Əlbəttə, həmişəki kimi bu pul məsələsidir və tərəflər sövdələşmə aparmalıdır. İşin necə qurtaracağını söyləmək çətindir. Azərbaycanda daha çox pul almaqda, Rusiya isə icarə haqqını azaltmaqda maraqlıdır. Lakin bu danışıqlar siyasi deyil, kommersiya xarakteri daşıyır, yəqin ki, sövdələşmə davam edəcək.
– Əgər Rusiya Qəbələ RLS-i itirsə, bu, ölkəniz üçün nə demək olacaq?
– Rusiya üçün Qəbələ RLS İrandan qaynaqlanan təhlükə səbəbilə əhəmiyyət kəsb etmir, baxmayaraq ki, orta mənzilli raketlər Rusiya ərazisinə çata bilər, ölkəmizin İrandan raketlə vurulması ehtimalı o qədər də böyük deyil. Qəbələ RLS Hind Okeanını nəzarətdə saxlamağa imkan verir, bu ərazidə ABŞ-ın strateji sualtı qayıqları döyüş növbəsi çəkirlər. Bu mənada, Qəbələ RLS-in əhəmiyyəti çox böyükdür və çətin ki, ölkəmizdə inşa olunacaq yeni nəsil RLS Qəbələ radiolokasiya stansiyasının imkanlarını kompensasiya edə bilsin.
– Sizcə, danışıqlar necə başa çatacaq?
– Düşünürəm ki, biz razılığa gələcəyik. Çünki bu, Rusiya-Azərbaycan münasibətlərində mühüm strateji məsələdir. Düşünmürəm ki, tərəflər kompromisdən imtina edəcəklər.
– Ermənistan bəyan edib ki, öz ərazisində bu tip RLS tikə bilər. Rusiya bu təklifi nəzərdən keçirirmi?
– Prinsipcə, belə variant mümkündür. Lakin yəqin ki, yeni RLS-in tikintisinə Qəbələ RLS-in modernləşməsinə tələb olunan vəsaitdən çox vəsait xərclənəcək. Çünki Qəbələdə hazır infrastruktur mövcuddur. Lakin Azərbaycanla kompromisə gələ bilməsək, bu variantı da tam şəkildə istisna etmək olmaz.









Bu yazı ( 183 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar