12px14px16px18px

“Bakı-Supsa” kəmərində neftin nəqli dayandırılır

11:44 / 05.05.2012
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı kimi BP şirkəti bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Qərb İxrac Boru Kəmərində (QİBK, Bakı-Supsa) planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.
Plana əsasən, profilaktik işlərin daha səmərəli aparıla bilməsi üçün QİBK may ayının 15-dən başlayaraq təqribən bir ay müddətinə öz ixrac əməliyyatlarını dayandıracaq. “Trend”in xəbərinə görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Bu profilaktik işlərə əsasən həm Azərbaycanda, həm də Gürcüstanda ərsin buraxma,qəbul etmə izolyasiya ventillərinin dəyişdirilməsinin davam etdirilməsi, nəzarət sisteminin təkmilləşdirilməsi və digər ümumi xaraketrli mexaniki və nəzarət-ölçü cihazlarının profilaktikası daxildir. Həmin müddətdə AÇG-nin bütün platformalarından, həmçinin “Şahdəniz” platformasından hasilat, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri vasitəsilə ixrac əməliyyatları normal rejimdə davam edəcək. Ceyhan terminalından tankerlərin yüklənməsi və yola salınması plana uyğun aparılacaq.
Səngəçal terminalı öz gündəlik əməliyyatlarını QİBK-də aparılacaq profilaktik işlərlə bağlı planlarla uyğunlaşdıraraq normal davam etdirəcək.



Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar