12px14px16px18px

Ombudsman Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

11:40 / 05.05.2012
Azərbaycan Ombudsmanı Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-nun Baş Direktoruna, bir sıra beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Bəyanatda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olduğu, 50 min nəfərin yaralandığı, əlil olduğu, 4500 nəfərin itkin düşdüyü, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunub. Sənəddə Şuşa şəhərinin işğal olunmasından 20 il keçdiyi, işğaldan öncə 289 kvadrat kilometr ərazisi olan Şuşada 24900 nəfər əhalinin yaşadığı, işğaldan sonra orada Azərbaycana məxsus tarixi, maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edildiyi göstərilib.
“Ermənilər zəbt olunmuş Azərbaycan ərazilərində soydaşlarımızın qəbirlərini sökür, mərmər daşları, qəbirüstü abidələri qarət edirlər... Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur”, – deyə bəyanatda vurğulanır.
İşğalçılıq və terrorçuluq siyasətinin dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini xatırladan Ombudsman nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə son qoyulması, qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırıb.




Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar