12px14px16px18px

Avropa Yayımları Birliyi Ermənistanı “Eurovision”dən imtina etdiyinə görə cəzalandırıb

00:59 / 04.05.2012
Avropa Yayımları Birliyi (EBU) Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak etməkdən imtina etdiyinə görə Ermənistanı cərimə edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, EBU-nun qərarına əsasən, Ermənistan müsabiqədə iştiraka görə tələb olunan haqqı ödəməli, üstəlik cərimə olaraq bu məbləğin 50 faizini də əlavə verməlidir. Bundan əlavə Ermənistan İctimai televiziyası “Eurovision” mahnı müsabiqəsinin finalını canlı yayımla göstərməlidir.
EBU-dan bildiriblər ki, Ermənistan sözügedən qərara əməl etməsə 2013-cü ildə keçiriləcək “Eurovision” müsabiqəsindən kənarlaşdırıla bilər. EBU nümayəndələri vurğulayıblar ki, cərimə barədə qərar müsabiqənin keçirilmə qaydalarına əsasən, Ermənistanın “Eurovision-2012”-də iştirakdan imtina etmə səbəbləri nəzərə alınmadan qəbul olunub. Ermənistan rəsmi olaraq martın 7-də “Eurovision-2012”-də iştirakdan imtina edib. Bir qrup erməni müğənnisi ölkənin İctimai televiziyasına müraciət edərək müsabiqəni boykot etməyə çağırıb. Səbəb kimi onlar cəbhə xəttində erməni əsgərinin guya azərbaycanlı snayper tərəfindən vurulmasını göstəriblər. Lakin daha sonra həmin əsgərin öz hərbçi yoldaşı tərəfindən vurulduğu aşkar edilib.
“Eurovision-2012” mahnı müsabiqəsi mayın 22-26-sı Bakı şəhərində keçiriləcək.



Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar