12px14px16px18px

Əli Nağıyev və Səyyad Aran YAP sıralarına bərpa olundular

00:57 / 04.05.2012

Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, sabiq deputat Səyyad Aran və ölkəmizin Belarusdakı sabiq səfiri Əli Nağıyev Yeni Azərbaycan Partiyasının(YAP) sıralarına yenidən qəbul ediliblər. Bu barədə Modern.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. H.Paşayevin sözlərinə görə, xeyli vaxtdır YAP-ın sıralarına bərpa olunmaq üçün müraciət edən eks-diplomatlara nəhayət ki, partiya müsbət cavab verib.
“Bildiyimiz kimi onlar artıq diplomatik fəaliyyətlə məşğul deyillər. Bu səbəbdən də partiya sıralarına qoşulmaq üçün müraciət ediblər. Onların bu müraciətləri müsbət qarşılanıb. Qeyd edim ki, Səyyad Aran və Əli Nağıyev yaşaqdıları rayonlar üzrə yerli partiya təşkilatlarına müraciət ediblər və onlar hansı rayonda müraciət ediblərsə, orada da partiya sıralarına qəbul olunublar”.
Qeyd edək ki, “Diplomatik xidmət haqqında” qanuna görə, xaricdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır. Bu səbəbdən də S.Aran 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən YAP üzvlüyündən və Siyasi Şurasından çıxıb. 2010-cu ilin mayında konsul vəzifəsindən geri çağırılan S.Aran yenidən YAP Siyasi Şurasına üzv olmaq üçün dəfələrlə müraciət etsə də, bu istəyinə nail ola bilmirdi. Hakim partiyanın əsas yaradıcılarında olan Əli Nağıyev isə 2006-cı ilin fevralında əmək və əhalinin sosial müdafiəsi naziri postundan azad edildikdən sonra Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdığı üçün partiya sıralarından kənarda qalmışdı.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar