12px14px16px18px

8 nömrəli tibbi-internat məktəbinin torpaq sahəsi özəlləşdirilməyib

01:12 / 03.05.2012
Son günlər bəzi mətbuat orqanlarında əvvəllər vərəmin ilkin və sönmüş forması olan 13 saylı internat məktəbi, indi isə 8 nömrəli sanatoriya tipli tibbi-internat məktəbinin torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli yazılar dərc edilir. Komitədən “APA-ECONOMICS”ə verilən məlumatda bildirilir ki, 8 nömrəli sanatoriya tipli tibbi-internat məktəbi Təhsil Nazirliyinin tabeçiliyindədir. Adı çəkilən internat məktəbi 2,6 hektar torpaq sahəsində yerləşir.
Mətbuatda yazıldığı kimi, 8 nömrəli sanatoriya tipli tibbi-internat məktəbinin torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi məsələsinə gəldikdə, qeyd olunur ki, ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Komitəsinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Əsasnaməsinin 8.40 bəndinə uyğun olaraq komitə yalnız özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsini həyata keçirir. Eyni zamanda Torpaq Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq dövlət tədris müəssisələrinin istifadəsində olan torpaqlar müstəsna olaraq dövlət mülkiyyətindədir. Adı çəkilən torpaq sahəsi mərkəzi dövlət icra hakimiyyəti olan Təhsil Nazirliyinin tabeliyindəki 8 nömrəli sanatoriya tipli internat məktəbinin istifadəsində olmaqla onun özəlləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun olaraq mümkün deyil.
Bütün bunlar nəzərə alınaraq qeyd olunmalıdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 1 ünvanında yerləşən 8 nömrəli sanatoriya tipli tibbi-internat məktəbinin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin nə tabeliyində, nə də balansında deyil və bu torpaq sahəsinin komitə tərəfindən özəlləşdirilməsi həyata keçirilməyib.



Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar