12px14px16px18px

"Almaniya məsələsi" Milli Məclisdə müzakirə olundu

ƏLİ ƏHMƏDOV: "ALMANİYANIN BƏZİ MƏTBU ORQANLARININ FƏALİYYƏTİ AZƏRBAYCANA QARŞI YÖNƏLİB"

12:05 / 02.05.2012
Parlamentin dünənki iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov Almaniyanın bəzi mətbu orqanlarının fəaliyyətinin Azərbaycana qarşı yönəldiyini bildirib: "Düşünürdüm ki, Almaniyanın Azərbaycandakı səfiri buna qarşı çıxan taktikaya üstünlük verəcək. Ancaq təəssüf ki, əksi oldu".
"Almaniyanın bəzi media qurumları və siyasətçiləri tərəfindən Azərbaycan əleyhinə fikirlərin səslənməsindən sonra Azərbaycanda bu dövlətə qarşı antitəbliğat kampaniyasının başladılması haqda deyilənlər tam əsassızdır". Bunu millət vəkili Azay Quliyev dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, bu yöndə səslənən fikirlər heç bir reallığa əsaslanmır. A.Quliyev bildirib ki, bir neçə gün öncə özü də daxil olmaqla 4 nəfər azərbaycanlı millət vəkili Almaniyada olub, bu ölkənin Bundestaqında aparıcı fraksiyaların nümayəndələri ilə bir sıra əhəmiyyətli görüşlər keçirib. Millət vəkilinin dediyinə görə, bu görüşlərdə və müzakirələrdə Almaniyanın nüfuzlu qeyri-hökumət təşkilatları və bəzi media qurumlarının təmsilçiləri də yaxından iştirak ediblər: "Biz bu müzakirələr və görüşlərdə açıq şəkildə bildirdik ki, Almaniya hər haman Azərbaycana yaxın, dost dövlət olub. Biz bu ölkə ilə daim əməkdaşlıqda maraqlıyıq. Təkcə son bir il ərzində Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 2 milyard avrodan çox olub. Eyni zamanda, bu ölkə daim Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub, Azərbaycanın haqlı işini dəstəkləyib və bunun nəticəsidir ki, bir müddət öncə Almaniya Bundestaqı Ermənistanın təcavüzkarlığını pisləyən qətnamə qəbul edib. Bununla belə, çox təəssüflər olsun ki, son dövrlərdə, xüsusilə nüfuzlu "Eurovision-2012" mahnı yarışması ərəfəsində Almaniyanın bəzi media orqanlarında Azərbaycanla bağlı birtərəfli qərəzli yazılar yer almaqdadır. Biz Azərbaycan tərəfi olaraq açıq dialoqa hazırıq və sağlam tənqidə etiraz etmirik. Lakin bununla yanaşı, ölkəmizə qarşı yönələn qarayaxmalar, böhtan xarakterli məqamlar varsa, onları da qəbul etməyəcəyimizi birmənalı şəkildə vurğulayırıq".
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə Almaniya səfirinin Azərbaycana qarşı kampaniyada iştirak etməsindən təəssüfləndiyini söyləyib.
O deyib ki, Almaniya səfiri Azərbaycanda sökülən evlərə etinasız qala bilmədiyini bildirib: "Bəs nə üçün Xocalı faciəsinə, Azərbaycan torpaqlarının işğalına etinasız qalır? Avropada məscidlər var ki, həmin ölkələr bu məscidlərdə ibadət edilməsinə imkan vermir. Məscidlərin üzərinə reklam şitləri vurulur".
YAP-ın icra katibinin digər müavini Mübariz Qurbanlı öz növbəsində mənəvi jandarmlığın xeyir gətirməyəcəyini vurğulayıb: "Almaniya xalqı bu insanlara cavabını verəcək".
Millət vəkili İqbal Ağazadə Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə münasibətləri ilə gərginləşdirməyə ehtiyac olmadığını vurğulayıb: "Siyasi məhbus məsələsinə gəlincə o, siyahılarda terrorçularla bərabər 2 aprel mitinqində həbs edilənlər də var. Ona görə də bu məsələdə birmənalı mövqedən çıxış etmək olmur. Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktında günahlandırılan bir erməni mətbuatda hər gün çıxış edir".
Millət vəkillərinin çıxışlarına cavab olaraq spiker Oqtay Əsədov deyib ki, bəziləri şəffaflıq dərsləri keçirlər: "Müstəqil mətbuat var. Mətbuat tək Almaniyada müstəqildir, Azərbaycanda müstəqil mətbuat yoxdur? Almaniya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Almaniya Bundestaqı ilə münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Parlamentdəki Almaniya Dostluq Qrupuna da tapşırıram ki, bu məsələ ilə bağlı iş aparsın".
KAMİL



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar