12px14px16px18px

BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçdi

12:02 / 02.05.2012
Dünəndən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. APA-nın BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
BMT radiosuna müsahibə verən Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmayıb, bununla belə əsas diqqətin Yaxın Şərq problemi, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanması üzərinə salınacağı şəksizdir. Aqşin Mehdiyev qeyd edib ki, Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq və quruma sədrlik etmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan BMT TŞ-də beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzusu ilə əlaqədar xüsusi diskussiyalar keçirmək niyyətindədir. İclasa Azərbaycan prezidentinin sədrlik edəcəyi gözlənilir.
Səfir BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı Kofi Annanın təklif etdiyi altı maddəlik planın dəstəklənməsi məsələsində həmrəyliyi qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu söyləyib. Aqşin Mehdiyev may ayında BMT TŞ-da İran problemi ilə bağlı məsələnin müzakirə olunmayacağını deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik etməsi ilə bağlı bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən verilən məlumatda ötən il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçildiyi xatırladılıb.
Azərbaycan 17 turdan ibarət səsvermə mərhələsini keçərək, 155 dövlətin dəstəyini əldə edib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir”.
Bəyanatda bu gündən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik edəcəyi vurğulanıb. Azərbaycan sədrlik müddətində Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq.
XİN qeyd edib ki, Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi “Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər” mövzusunda yüksək səviyyəli iclas keçirməyi də planlaşdırır.
Bəyanatda qeyd edilib ki, Azərbaycanın sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətində olan digər problemlərin də müzakirə ediləcəyi iclasların keçirilməsi planlaşdırılır.




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar