12px14px16px18px

Azərbaycanda vəkilliyə maraq niyə azdır?

DÖVLƏT TƏRƏFİNDƏN TƏYİN OLUNAN VƏKİLİN SAATINA 2 MANAT ÖDƏNİLİR

11:58 / 02.05.2012
Azərbaycanda vəkillərin sayının az olması təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etməkdə bəzi problemlər yaradır. Hazırda Azərbaycan Vəkillər Kollegiyasının üzvlərinin sayının 738 nəfərdir ki, onların da yarıdan çoxu Bakıda fəaliyyət göstərir. Azərbaycan Vəkillər Kollegiyasının məlumatına görə, Bakı şəhərində vəkillərin sayı 544, rayonlarda isə 194 nəfərdir. ATƏT-in Azərbaycandakı səfiri Koray Tarqay bir müddət əvvəl APA-ya müsahibəsində müvəqqəti saxlama yerlərində saxlanılanların vəkillə əlaqə saxlamalarında müəyyən sıxıntılar olduğunu bildirib. O bunu ölkədə vəkil sayının az olması ilə əlaqələndirib: "190 min nəfər əhalisi olan Şəkidə 2, Gəncədə 3, Mingəçevirdə 3, Sumqayıtda 27 vəkil var".
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, ekspert İntiqam Əliyev APA-ya açıqlamasında Azərbaycanda vəkilliyin güclü instituta çevrilməsində maraqlı olmayan qüvvələrin olduğunu söyləyib: "Güclü və müstəqil vəkillik məhkəmə, hüquq-mühafizə orqanları sistemində özbaşınalığın, qanunsuzluğun və korrupsiyanın qarşısında ən böyük maneədir".
İ. Əliyev Azərbaycan vəkillərin sayının az olmasının bəzi səbəblərini açıqlayıb: "Vəkillər Kollegiyasının rəhbərliyinin fəaliyyəti, qeyri-müəyyən imtahan prosedurları, vəkil peşəsinin nüfuzunun aşağı düşməsi ölkədə vəkillərin sayının az olmasına gətirib çıxarıb. Vəkillər Kollegiyası üzvlərinin sayının az olmasına təsir göstərən amillərdən biri də qəbulla bağlı sərt qaydalardır. İmtahanlarda iştirak edən şəxslərin də, onun gedişini müşahidə edən qurumların da, əksər ekspertlərin də rəyi belədir ki, vəkilliyə imtahanların sualları hakimliyə imtahanın suallarından daha çətindir. Vəkilliyə imtahan verəcək adam bilmir ki, ona sual nədən düşəcək. İmtahan zamanı suallar Hava Məcəlləsindən də düşə bilər, "Damazlıq haqqında" qanundan da, Mülki Məcəllədən də, İşgəncələr əleyhinə BMT Konvensiyasından da. Bu isə imtahanda çətinlik yaradır. Əslində imtahandan əvvəl sualların nədən düşəcəyi məlum olmalıdır ki, imtahana gedən şəxs hazırlaşa bilsin".
İ. Əliyev regionlarda vəkil çatışmazlığının problem olaraq qaldığını bildirib: "Regionlarda vəkil qıtlığının səbəbi iqtisadi gerilik, sosial problemlər, insanların yaşayış səviyyəsinin aşağı olmasıdır. Vəkilin iş, pul olmayan yerdə qalmaq istəməməsi normaldır. Onu kiməsə məcburi şəkildə pulsuz xidmət göstərməyə məcbur etmək bu peşənin mahiyyətinə ziddir. Vəkillər bunu könüllü edə bilərlər. İmkansızlara pulsuz yardım göstərmək dövlətin vəzifəsidir. Dövlət bu problemin həlli üçün büdcəsindən vəsait ayırmalıdır. O yerdə ki, vəkillər azdır, insanların vəkil tutmağa imkanı yoxdur, orada hüquq yardımı mərkəzləri yaradılmalı, orada çalışan vəkillərə normal əmək haqqı ayrılmalıdır. Bu gün dövlət tərəfindən təyin olunan vəkilin müdafiə üçün saatına 2 manat ödənilir. Bu cür ucuz hüquqi yardım keyfiyyətli ola bilməz. Bir də bizdə belə bir fikir var ki, pulsuz yardım göstərmək vəkilin vəzifəsidir. Vəkilin belə bir vəzifəsi yoxdur".
Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev isə Azərbaycanda vəkilliyə marağın az olmadığını bildirib: "Lakin bəzi bölgələrdə vəkillərin sayı azdır. Bunun birinci səbəbi odur ki, həmin ərazidən çox az sayda vəkil işləmək istəyən var. Şəki-Zaqatala zonasında bununla bağlı bəzi problemlər var. Ötən il Şəkidən cəmi bir nəfər vəkil kimi işləmək üçün müraciət edib, qəbul etmişik. Biz kimisə məcburi şəkildə hansısa bölgəyə təhkim edə bilmərik. Gərək müraciət olsun ki, biz də həmin yerə vəkil göndərək. Şəkidə 2 vəkilin olması əlbəttə ki, azdır və bu bizi çox narahat edir. Lakin bu bizdən asılı səbəb deyil. Bu gün Bakıda kifayət qədər vəkil var. Problem ondadır ki, bəzi bölgələrdə vəkillərə ehtiyac çox deyil. Elə bölgələr var ki, il ərzində cəmi 1 cinayət işi ya olur, ya olmur. Buna görə vəkil gedib orada daimi işləyə bilmir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycandakı bütün məhkəmələr vəkillə təmin olunur. Hansı rayonda daha çox vəkilə ehtiyac olsa, biz ətraf rayonlardan həmin yerə vəkil təhkim edirik. Lakin kimisə daimi işləmək üçün məcburi şəkildə həmin əraziyə göndərə bilmirik".
Azər Tağıyev dövlət hesabına təqsirləndirilən şəxsi müdafiə edən vəkillərin həmin şəxsə bütün hüquqi yardımı göstərdiklərini bildirib: "Lakin bəzi vəkilləri dövlət tərəfindən verilən qonorar o qədər də qane etmir. Bilirsiniz ki, dövlət tərəfindən təyin olunan vəkilin bir saatına 2 manat ödənilir. Bu bizi də narahat edən məsələdir. Bu problemi hər zaman dövlət qarşısında qaldırmışıq. Azərbaycanda vəkillərin maddi durumunun yaxşılaşdırılması üçün mütəmadi şəkildə dövlət tərəfindən müəyyən addımlar atılır. Bu il də müsbət dəyişikliklərin olacağı gözlənilir".
Vəkillər Kollegiyasının sədri vəkillik üçün keçirilən test imtahanlarının suallarının çətin olması məsələsinə də aydınlıq gətirib: "Əslində vəkillik üçün imtahan çətin olmalıdır. Çünki vəkilin bilik səviyyəsi hüquq-mühafizə orqanlarında çalışanlardan, müstəntiqlərdən, prokurorlardan, hakimlərdən aşağı səviyyədə olmamalıdır. Vəkil savadlı olmalıdır ki, onların səhvini tuta bilsin. Lakin biz ən sadə və asan suallar salırıq ki, Azərbaycanda vəkillərin sayını artıraq. Kimlərsə Vəkillər Kollegiyasına qarşı qərəzli mövqe tutub, deyir ki, suallar çətindir. Bütün bunlar yalandır. Problem ondadır ki, vəkil olmaq istəyənlərin əksəriyyəti bizim imtahana saldığımız sadə suallardan keçə bilmir. Bu isə bizim yox, artıq təhsilin problemdir. 2011-ci ildə 605 nəfər vəkilliyə imtahan verdi, onlardan 230 nəfəri imtahandan keçə bilmədi".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə isə Azərbaycanda vəkilliyə marağın az olmasının bir çox səbəblərinin olduğunu bildirib: "Azərbaycanda vəkillik institutu var. Amma çox təəssüflər olsun ki, vəkillərin maddi durumunun aşağı olması, məhkəmə və istintaq orqanlarında vəkillərə fərqli münasibəti vəkilliyə marağı azalıdır. Əvvəlki illərlə müqayisədə indi vəziyyət xeyli yaxşılaşıb. Lakin məhkəmə proseslərində eyni hüquqa malik olmalarına baxmayaraq, bəzən hakim vəkilə hörmətsizlik edir, onun sözünü kəsir, saymazlığa yol verir, vəkillərin qaldırdıqları müəyyən vəsatətlər təmin olunmur, yaxud da ümumiyyətlə baxılmır. Ola bilsin ki, vəkillərə bu cür laqeyd münasibətin olması da vəkilliyə marağın azalmasına şərait yaradır. Bunun üçün də proseslərdə kifayət qədər hüququnun qorunmadığını, tanınmadığını hiss edən bir çox hüquqşünas vəkil kimi işləməkdən çəkinir. Lakin mən hesab edirəm ki, bundan çəkinmək lazım deyil. Bu da mübarizənin bir formasıdır. Vəkillərin maddi durumunun yaxşılaşdırılmasına gəlincə, hesab edirəm ki, bu vəkilin özündən asılı olan məsələdir. Yaxşı və pis vəkil var. Əgər vəkil təcrübəli, savadlıdırsa, onun müştərilərinin sayı da çox olar, maddi durumu yaxşılaşar. Lakin Vəkillər Kollegiyası vəkillərin hər hansı bir problemi ilə bağlı dövlət qarşısında məsələ qaldırsa, mən hər zaman bir hüquqşünas kimi vəkillərin yanında olmağa hazıram".
Ç. Qənizadə bölgələrdə vəkilliyə marağı artırmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu da deyib: "Vəkillərin bölgələrdə işləməyə maraqlı olmaları üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Daxili İşlər Nazirliyində belə bir təcrübə var ki, yeni işə qəbul olunan şəxslər razılaşdırılma əsasında müəyyən müddət doğulduğu, yaşadığı ərazidə işləyir. Hesab edirəm ki, vəkillik institutunu da inkişaf etdirmək üçün Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi plan hazırlamalıdır. Məsələn, bölgələrdən imtahan verənlər üçün qəbul balları aşağı ola bilər. Onlara hansısa imtiyazlar, güzəştlər edilə bilər ki, bölgələrdə də vəkilliyə maraq artsın" .
Tanınmış vəkil, "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılov vəkilliyə marağın azlığını Azərbaycan məhkəmələrində müstəqilliyin olmamasını səbəb göstərib: "Belə olmasaydı, 9 milyonluq əhalisi olan bir ölkədə cəmi minə yaxın vəkil fəaliyyət göstərməzdi. Halbuki Azərbaycanda ən azı 10 mindən artıq vəkil olmalıdır. Dünyada təxminən 2 min adama bir vəkil düşür. Hindistan kimi geridə qalmış bir ölkədə 1600 nəfərə bir vəkil, Amerika Birləşmiş Ştatlarında isə 300 adama bir vəkil düşür. Bundan əlavə, Azərbaycanda vəkillik peşəsinin inkişafı yoxdur. Hüquq fakültəsində təhsil alan bütün tələbələr ya prokuror, ya hakim, ya da müstəntiq olmaq istəyir. Azərbaycanda vəkil olmaq zəhmət hesabına dolanmaq deməkdir. Bunu isə istəyən azdır. Biz də hüquq firması olaraq Azərbaycanda vəkil sayının az olmasından əziyyət çəkirik. Azərbaycanda vətəndaş-polis, vətəndaş-məmur - hər kəs öz arasında problemi özü həll edir. Bunun üçün də vəkilə ehtiyac qalmır. Amma məsələlər daha çox məhkəmə müstəvisində həllini tapsa, ölkədə 5000 vəkil olsa belə, cəmiyyət vəkil azlığından narazılıq edər. Amma onu da qeyd edim ki, ölkədəki bütün vəkillər də şəffaf fəaliyyət göstərmir. Bu sahədə də peşəsindən sui-istifadə edənlər var".
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin II kurs tələbəsi Şəhram Şəmmədli isə APA-ya təhsilini başa vurduqdan sonra prokuror olmaq istədiyini bildirib: "Mən təhsilimi başa vurduqdan sonra prokurorluq orqanında çalışmaq istəyirəm. Çünki vəkil olmaq üçün bütün sahələri ətraflı bilməlisən. Vəkilin işi ağır, qazancı isə azdır. Buna görə vəkilliyə o qədər də həvəsim yoxdur".
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, hüquqşünas, millət vəkili Əli Hüseynov isə məsələyə münasibət bildirmək istəməyib: "Bu məsələyə şərh vermək mənim səlahiyyətimdə deyil".









Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar