12px14px16px18px

Azərbaycanlı jurnalistlərin Türkiyə səfəri başa çatıb

11:49 / 02.05.2012
Ölkəmizin bölgə və şəhərlərində fəaliyyət göstərən jurnalistlərin Türkiyəyə səfəri başa çatıb. Azərbaycan Mətbuat Şurasının və Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə "Təcrübə mübadiləsi proqramı" onlara 4 gün ərzində qardaş ölkənin mediası, xüsusilə regionların kütləvi informasiya vasitələri ilə yaxından tanış olmaq və birgə əməkdaşlığın yollarını aramaq üçün əlverişli imkanlar yaradıb. Qədim və zəngin tarixə, mədəni irsə malik Türkiyənin özəl qaynaqlarını əyani görmək də TİKA tərəfindən maliyyələşdirilən layihənin əhəmiyyət və effektivliyinə zəngin çalarlar əlavə edib.
Xəbər verdiyimiz kimi MŞ-nin icraçı katibi Rəhim Hüseynzadənin rəhbərliyi ilə Türkiyəyə yollanan jurnalistlərimiz aprelin 25-də Ankarada, 26-da isə Konyada proqram çərçivəsində görüşlərini keçiriblər. Səfərin son 2 günü isə İstanbul təəssüratları ilə yadda qalıb. Media təmsilçilərimiz burada öncə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin şərəfinə ucaldılan abidəni ziyarət ediblər. Onlar abidə önünə tər çiçəklər düzərək xatirə şəkilləri çəkdiriblər.
Sonra jurnalistlərimiz "KanalTürk"də olublar. Direktor Tarik Toruz söhbətlərində türk mediasının dünəninin və bugününün təhlilini verib. O, ölkənin kütləvi informasiya vasitələrinin əsasən 4-5 güclü media qrupunun əlində cəmləşdiyini bildirib, "KanalTürk"ün də "Bu gün" qəzeti, informasiya agentliyi və xəbər portalları ilə onlardan biri sayılan "İpək" Media Qrupunda təmsil olunduğunu nəzərə çatdırıb.
Direktor bölgələrdə fəaliyyətlə bağlı vəziyyətə aydınlıq gətirib. O deyib ki, Ankara və İzmir büroları istisna edilməklə regionlarda müxbirləri yoxdur. Buna ehtiyac da duyulmur. Ölkənin 5 iri informasiya agentliyinin yerlərdən ötürdükləri məlumatlara etibar edilir.
Görüşdə hər iki ölkədəki KİV-lərin sayı ətrafında müzakirə gedərkən T.Toroz Türkiyədəki mövcud rəqəmi məqbul saymayıb. Onun nəzərincə 4-5 ümummilli telekanal, 2-3 xəbər kanalı kifayətdir. Qəzetlərin gündəlik tirajının son 20 il ərzində 5 milyonu ötmədiyinə, reklamların ümumi xərcin yanlız bir hissəsini ödədiyinə diqqəti çəkərək burada da tənzimlənməyə ehtiyac duyulduğunu dilə gətirib.
"Bu gün" qəzetinin baş redaktoru Erhan Başyurd nəşrin bütün ölkədə yayımlandığı, tərəfsiz və qərəzsizliyin başlıca deviz olduğu, nadir hallarda kənar müəlliflərin məqalələrinin dərc edildiyi, köşə yazarlarının daha önəmli statusa malikliyi, əməyin dəyərləndirilməsi formaları və s. məsələlər barədə söhbət açıb. Türk Dünyası Bələdiyyələri Birliyinin baş katibi Mustafa Başkurd tərəfindən qəbul edilən azərbaycanlı jurnalistlərə xoş xəbər də verildi. Qurumun yaranmasından söhbət açan baş katib həmin gün Azərbaycanın bir qrup bələdiyyə sədrinə TDBB-nin mükafatlarının təqdim olunacağını deyib.
Şəhərdə ilk günün tədbirləri İstanbulun fəthini özündə əks etdirən "Panorama 1453" muzeyi ilə tanışlıqla başa çatıb. Jurnalistlərin aprelin 28-də "Zaman" qəzetindəki və Türkiyənin Qəzetəçilər və Yazarlar Birliyindəki görüşlərdən alınan təəssüratları səfərə nə üçün həmin qurumların Bakı təmsilçilikləri ilə tanışlıqdan başlanmasına məntiqi aydınlıq gətirib. Mətbu nəşrin gündəlik 1 milyonluq tirajı, iş şəraiti, 24 saat müştərilərə yüksək səviyyəli xidməti, ictimai nüfuzu, gələcəyin jurnalistlərini hazırlama mexanizmi onun sözün əsl mənasında media məktəbi kimi formalaşdığını göstərməkdədir. Bu amillər hər ay 4 mindən çox insanın "Zaman"la əyani tanışlığında mühühm rol oynamaqdadır. Ölkənin ən iri informasiya agentliklərindən biri sayılan "Cihan"ın xarici xəbərlər direktoru Yakup Şalvarçı bildirib ki, Türkiyənin bir çox yerli telekanalları üçün xəbər proqramları da burada hazırlanaraq birbaşa efirə ötürülür.
Səfərin son görüşü Türkiyə Qəzetəçilər və Yazarlar Birliyində keçirilib. Avropa və Asiyanın qovuşacağında yerləşən birliyin ofisində iki qardaş ölkənin medialarının xarakterik xüsusiyyətləri ətrqafında diskussiyalar aparılıb. Dialoq Avrasiya Platformasının rəhbəri İsmayıl Tas və Türkiyə Qəzetəçilər və Yazarlar Birliyinin baş katibi Erkan Tufan Aytab jurnalistlərimizi salamlayaraq hər iki qurumun fəaliyyət istiqamətlərindən söhbət açıblar. MŞ-nin icraçı katibi R.Hüseynzadə bildirib ki, Mətbuat Şurası ilə Türkiyə Qəzetəçilər və Yazarlar Birliyi arasında xüsusilə geniş əlaqələr mövcuddur. Qarşılıqlı məsləhətləşmələr əsasında hər iki qurum tərəfindən "Həqiqətə xidmətə görə" mükafatı təsis edilib və artıq onun üç dəfə təqdimetmə mərasimi həyata keçirilib. Nümayəndə heyətinin rəhbəri birgə layihələrin reallaşdırılmasında platformanın və birliyin Azərbaycan təmsilçisi Mustafa Saatçının xidmətlərini xüsusi vurğulayıb.




Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar