12px14px16px18px

Bahar Muradova: “Biz uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edirik”

MİLLİ MƏCLİSDƏ “UŞAQLARA QARŞI ZORAKILIQ: SƏBƏBLƏR VƏ ONLARIN ARADAN QALDIRILMASI” ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

00:58 / 01.05.2012
“Bu gün biz dünya, Avropa Şurası ilə birlikdə uşaqlara qarşı zorakılığa yox deyirik”. Bunu Milli Məclisin (MM) aprelin 30-da keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfransında vitse-spiker Bahar Muradova dilə gətirib. B.Muradovanın qeyd etdiyinə görə, Azərbaycan tərəfi uşaqlara qarşı zorakılıq hallarının mövcudluğunu qəbul edir, lakin buna qarşı mübarizənin vacibliyini də vurğulayır: “Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür, bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra, biz sıra təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır. Bizdə həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar. Çox sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla bağlı həyata keçirilən tədbirlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsi artıq dünya tərəfindən bir model kimi qəbul oluna bilər və olunur”.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti, sözügedən qurumun “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva çıxışında qeyd edib ki, zorakılıq mövzusu bəşəriyyət yaranandan indiyədək mövcud olub: “Lakin buna qarşı mübarizə halları da ortadadır. Konkret olaraq, Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı həm dövlət, həm də ictimaiyyət tərəfindən ciddi addımlar atılmaqdadır. Çox sevindirici bir məqamdır ki, bizdə uşaqlar həm dövlətin, həm də cəmiyyətin, valideynlərin, ailələrin qayğısı ilə əhatə olunub. Bir sözlə, uşaqlara qarşı diqqət-qayğı daim əsas məsələlərdən biri kimi gündəmdə olub”. S.Fətəliyeva eyni zamanda qeyd edib ki, təəssüflər olsun ki, bu gün bəzi səbəblərdən dünyada ailənin statusu aşağı enməkdə, boşanmaların sayı artmaqda, uşaqlarla valideynlər arasında problemlər çoxalmaqda, həmçinin onlara qarşı zorakılıq halları artmaqdadır. Millət vəkilinin qeyd etdiyinə görə, uşaqlara qarşı zorakılıq hallarının artmasında yeni texnologiyaların, o cümlədən yazılı və şifahi KİV-in də dırnaqarası rolu var: “Bu gün mediada, elektron KİV-də yayımlanan bəzi proqramlar, verilişlər uşaqlar arasında zorakılıq hallarının çoxalmasına gətirib çıxarır. Eyni zamanda bu məsələdə internetin də müəyyən payı var. Düzdür, bu gün dünyanı internetsiz təsəvvür etmək mümkün deyil, ancaq çox təəssüflər olsun ki, yeni texnologiyaların bir vasitəsi kimi çıxış edən internet bəzi hallarda uşaqlar arasında zorakılıq hallarının çoxalması ilə sonuclanır”.







Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar