12px14px16px18px

Azərbaycan telekanallarında xarici serialların yayımı dayandırıldı

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: “QƏRARI POZANLARA QARŞI QANUNA UYĞUN ADDIMLAR ATILACAQ”

00:50 / 01.05.2012
Bu gündən Azərbaycan telekanallarında yayımlanan 20 serialın yayımı dayandırılacaq. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) ekspertiza, proqramlaşdırma və monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, bu seriallardan 13-ü türk, 7-si isə hind və Latın Amerikası ölkələri serialıdır. ANS, “Space”, ATV və “Xəzər” televiziyalarının hər birində 4, İTV və “Lider” kanallarında isə 2 xarici serial yayımlanır.
T. Dadaşov bildirib ki, bu gün bütün telekanallarda MTRŞ-nın qərarının icra vəziyyəti ilə bağlı monitorinqlər keçiriləcək.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişə bilməz: “Bu elə məsələdir ki, bir dəfə qərar verilir. Qərar verilib, yerinə yetiriləcək. Bu qərarı pozanlara qarşı qanuna uyğun addımlar atılacaq. MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, təbii ki, adekvat addımlar atılacaq”.
Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq”.




Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar