12px14px16px18px

“ABŞ-la Azərbaycan arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb”

VAŞİNQTONDA “AZƏRBAYCAN-ABŞ DİPLOMATİK MÜNASİBƏTLƏRİNİN 20 İLLİYİ:NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

05:39 / 28.04.2012
Aprelin 26-da Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilib.
APA-nın xəbərinə görə, tədbiri Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyib. Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dost olduğunu söyləyərək bildirib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd edib və Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konfransa qatılan Amerikanın yüksək səviyyəli ictimai-siyasi xadimlərinə təşəkkür edib. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini, irəlidə daha böyük işlərin olduğunu vurğulayıb.
Tennessi ştatından seçilmiş konqresmen Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən bəhs edərək bu mürəkkəb bölgədə Azərbaycanın ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləyib. Luizianadan olan konqresmen Bill Kessidi beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirib. Sonra ABŞ-Azərbaycan diplomatik əlaqələri tarixinin, Azərbaycanın müstəqillik uğrunda mübarizə yolu və bu yolda üzləşdiyi çətinliklərin, ölkənin son dövrdə əldə etdiyi iqtisadi nailiyyətlərin əks olunduğu film nümayiş etdirilib.
Konfransın işi sessiyalarda davam etdirilib. “ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri” adlanan birinci sessiyada moderatorluğu Almaniyanın Marşal Fondunun rəhbəri Coşua Uoker həyata keçirib. Sessiyada ABŞ administrasiyasını təmsil edən dövlət katibi köməkçisinin müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışıb və gələcək əməkdaşlıqla bağlı böyük gözləntilər olduğunu söyləyib.
Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ross Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Amerikanın Azərbaycanla bağlı həyata keçirdiyi humanitar proqramları xatırladaraq, eyni zamanda 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açıb, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulayıb.
Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşayiət olunduğundan bəhs edib, lakin ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirib. ABŞ-la Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını deyən H. Paşayevin fikrincə, bu, ABŞ-dakı erməni lobbisinin təsirinin xeyli azaldıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının direktoru və dövlət katibinin köməkçisinin keçmiş müavini Devid Merkel öz çıxışında ABŞ-la Azərbaycan arasındakı əlaqələrə kölgə salan 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə Amerika konqresmenlərinin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının “utancverici” olduğunu qeyd edib. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Merkel ATƏT-in Minsk Qrupunun fəaliyyətində səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacib olduğunu bildirib.
Heritage Fondunun Rusiya və Avrasiya Tədqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləyib, son illərdə Ümumi Daxili Məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu “inanılmaz nailiyyət” adlandırıb. Azərbaycanın İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın Azərbaycana dəstəyinin vacibliyini vurğulayıb. Bölgəyə digər böyük güclərin ciddi maraq göstərdiyini deyən Koen Azərbaycanın regionun ən vacib dövləti olduğu nəzərə alınaraq ABŞ-ın bu ölkəyə diqqətinin artırılması zərurətinə diqqət çəkib.
Nyu-Yorkdan olan konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün ölkəyə səfər etməyin vacib olduğunu deyib. Arizonalı konqresmen Trent Frenks də təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs edib. Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi dayanıb.
Sonra konfrans iştirakçılarının məruzəçilərə sualları cavablandırılıb.



Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar