12px14px16px18px

Səfir Daşqın Şikarov Pakistan Senatının sədri ilə görüşüb

05:38 / 28.04.2012
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının yeni seçilmiş sədri Səyid Nayyar Buxari ilə görüşüb. Söhbət zamanı səfir, Səyid Nayyar Buxarini Pakistan Senatının sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib, vəzifəsində uğurlar arzulayıb. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun öz həmkarına ünvanladığı təbrik və Azərbaycana səfər etməsi haqqında dəvət məktubunu Senatın Sədrinə təqdim edib.
Daşqın Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərindən söz açıb, Pakistanın Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına görə həmsöhbətinə öz minnətdarlığını bildirib. Səfir fevralın 1-də Senat tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsini Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirdiyini qeyd edrək, Pakistanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan qardaşlıq münasibətini bir daha nümayiş etdirdiyini bildirib.
Görüş zamanı səfir, cari ilin 28 fevral-02 mart tarixlərində Pakistan Senatının sədr müavini Mir Can Camalinin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərə müsbət təsir etdiyini vurğulayıb.
Səfir Azərbaycanın daxili və xarici siyasətində əldə etdiyi uğurlardan, ölkədə aparılan yenidənqurma işləri və iqtisadi islahatlardan, “Eurovision” mahnı müsabiqəsinə gedən hazırlıq işlərindən həmsöhbətinə məlumat verib. Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışan səfir Daşqın Şikarov, Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsiz və yoxsullar üçün humanitar layihələr proqramını həyata keçirdiyini bildirib.
Pakistan Senatının sədri Səyid Nayar Buxari ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini geyd edib. O fevralın 1-də Xocalı soyqırımının tanınması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə əlaqədar Pakistan Senatı tərəfindən qəbul edilmiş qətnaməyə özü və təmsil etdiyi hakim xalq partiyasının yekdilliklə səs verdiyini bildirib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu geyd edən Senat sədri, Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarından söz açıb.
Senat sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova ən xoş arzularını çatdırmağını xahiş edib, Pakistan senatının sədri və senatda Pakistan-Azərbaycan dostluq qrupunun sədri vəzifəsində iki qardaş ölkə arasında münasibətləri daha da genişləndirmək üçün səy göstərəcəyini bildirib.
Görüşün sonunda səfir Daşqın Şikarov, Pakistanda urdu dilində yeni çapdan çıxmış “Azərbaycan-odlar yurdu” adlı kitabı Senatının sədrinə təqdim edib.
Görüş Pakistanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.



Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar