12px14px16px18px

Azərbaycanda dini icma ləğv edildi

05:32 / 28.04.2012
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Həyatverici lütf” dini icmasının ləğvi ilə bağlı iddiasına baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, iddia təmin olunub.
Qarşı tərəfin Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl DQİDK “Həyatverici lütf” dini icması ilə bağlı məhkəməyə müraciət etməsinin səbəblərini açıqlayıb. DQİDK-nin Hüquq şöbəsinin müdiri Yusif Əsgərov bildirib ki, “Həyatverici lütf” dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici lütf” dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunçuluğa uyğun olaraq sözügedən dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib”.



Bu yazı ( 27 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar