12px14px16px18px

Mahmudəli Çöhrəqanlı Azərbaycana gəlmək istəyir

“BUNUNLA BAĞLI AZƏRBAYCAN VƏ TÜRKİYƏ PARLAMENTLƏRİNDƏ MƏSƏLƏ QALDIRILACAQ”

12:26 / 27.04.2012

Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi Ukraynanın Donetsk şəhərində baş tutan XII qurultayla bağlı dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Tədbirdə DAK-ın həmsədri Sabir Rüstəmxanlı, onun müavinləri Vaqif Arzumanlı, Xəzər Emin, DAK İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli və İsmayıl Ağayev iştirak edib. DAK-ın Məşvərət Məclisinin yeni sədri, ABŞ-da mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı isə tədbirə “Skype” vasitəsilə qatılıb. S.Rüstəmxanlı DAK-ın XII qurultayının uğurlu keçdiyini söyləyib. Qurultayla bağlı bəzi xoşagəlməz informasiyaların yayıldığına toxunan millət vəkili bunları deyib: “Bəzi gözü götürməyənlər yazır ki, guya Sabir Rüstəmxanlı başına beş-altı qohumunu yığıb gedib xəlvətdə qurultay keçirib. Amma təbii ki, belə deyil. Birincisi, qurultay 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirildi. İkincisi, Ukraynanın Donetsk şəhəri 2 milyondan çox əhalisi olan iri bir sənaye şəhəridir. Yəni deyilənlərin, yazılanların heç bir əsası yoxdur”. S.Rüstəmxanlı mətbuat nümayəndələrini DAK İdarə Heyətinin yeni tərkibi ilə tanış edib. O əlavə edib ki, bu, ən mötəbər İdarə Heyəti sayıla bilər: “Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisinə 50 nəfər nümayəndə seçilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının sədri Mahmudəli Çöhrəqanlı isə Konqresin Məşvərət Məclisinin sədri seçilib”. Konqresin İdarə Heyətinin 19 nəfərdən, Nəzarət-Təftiş Komissiyasının isə 9 nəfərdən ibarət olduğunu bildirən S.Rüstəmxanlı GAMOH-un lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana və Türkiyəyə gələ bilməsi üçün hər iki ölkə parlamentində məsələ qaldırılacağını qeyd edib. Millət vəkili bununla bağlı Türkiyə parlamentində DAK-ın Türkiyə nümayəndəliyinin rəhbəri Atilla Kayanın, Azərbaycan Milli Məclisində isə özünün məsələ qaldıracağını dilə gətirib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri və DAK-ın Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı “Skype” vasitəsilə isə bildirib ki, Azərbaycan, xüsusilə də Bakı və Gəncə şəhərləri üçün darıxır: “Bakını, Gəncə üçün çox darıxmışam. İranla anlaşılmazlığa görə mənim Azərbaycana gəlişimə qadağa qoyulub. Ümid edirəm ki, yaxın zamanlarda bu yasaq götürülər və mənim Bakıya səfərim gerçəkləşər”. Azərbaycan mətbuatına müraciət edərək, onların Güney Azərbaycanda azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı məsələlərə diqqəti daha da artırmasını xahiş edirəm. İran tərəfi öz niyyətlərini həyata keçirmək üçün Azərbaycana həm casus, həm də pul göndərir”. Mətbuat konfransında DAK-ın rəhbərliyinə daxil olan digər şəxslər də fikirlərini açıqlayıblar. DAK-ın XII qurultayı aprelin 21-23-də Ukraynanın Donetsk şəhərində keçirilib. Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti dəfə DAK həmsədri seçilib. Qeyd edək ki, İran vətəndaşı olan Mahmudəli Çöhrəqanlı hazırda ABŞ-da mühacirətdədir. AQİL


Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar