12px14px16px18px

Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatının qarşısını alıb

12:21 / 27.04.2012
Qazax rayonunun Kəmərli kəndi istiqamətində Ermənistan ordusunun dövlət sərhədində daha bir provokasiyasının qarşısı alınıb. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, aprelin 25-də səhər saatlarından Ermənistan ordusunun üzbəüz Dovex kəndi sahəsində cəbhə xətti boyu qazıntı işləri aparması və mövqeləri önə çəkmə cəhdi aşkarlanıb. Buna cavab olaraq Azərbaycan əsgərlərinin həyata keçirdikləri tədbirlər nəticəsində ərazidəki erməni bölmələrinin istifadə etdiyi bir avtomaşın vurularaq sıradan çıxarılıb. Düşmənin mühəndis-istehkam bölüyünün bir əsgəri isə yaralanıb. Azərbaycan tərəfi itki verməyib. Müşahidələr zamanı Ermənistan tərəfinin mövqelərin dəyişdirilməsi işlərinə mülki geyimli şəxslərin və nəqliyyat vasitələrinin cəlb olunduğu qeydə alınıb. Mənbənin məlumatında bildirilir ki, son həftələrdə qeyd olunan istiqamətdə düşmənin Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə ələ keçirmək, dövlət sərhədində vəziyyəti öz xeyrinə dəyişmək cəhdlərinin qarşısı alınıb. Məlumatda o da qeyd olunub ki, mart ayının sonlarından Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Qazax və Tovuz rayonları sahəsində aktivləşməsi müşahidə olunur. Ermənistan Müdafiə Nazirliyi sərhəddəki qüvvələrinin bir hissəsini müqaviləli heyətlə əvəz edib, əraziyə xüsusi təyinatlı bölmələr dislokasiya olunub. Ümumilikdə, aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı düşmən tərəfindən 20-yə yaxın təxribat cəhdinin qarşısı alınıb. Həyata keçirilmiş önləyici tədbirlər nəticəsində dövlət sərhədinin şimal istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb, beş hərbçisi yaralanıb. Bu arada Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 25-də saat 09.00-dan 09.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini, saat 13.20-dən 13.40-dək və 13.25-dən 13.40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Aqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqeləri, saat 12.30-dan 12.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqeləri, saat 14.10-dan 14.30-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 19.50-dən 20.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.  


Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar