12px14px16px18px

Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb

“AZƏRBAYCANDA ELMİ ƏSƏRLƏR ARASINDA RUSİYADAN GÖTÜRÜLMƏ PLAGİAT İŞLƏRİ DAHA ÇOXDUR”

11:44 / 27.04.2012

“İndiyədək Elmin İnkişafı Fondu üç plagiat iş müəyyən edib”. APA-nın xəbərinə görə, bunu Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, plagiat işlər aşkarlanan zaman hətta müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razılı olub, öz adlarının göstərilməsini istəyiblər: “Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdi”. E. Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: “Fonda təqdim edilən layihələrlə bağlı müəllif hüquqlarını tamamilə qoruyuruq. Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq”. İcraçı direktor, fondun çox güclü elektron məlumat bazasının yaradıldığını vurğulayıb: “Baza zənginləşdikcə biz daha yaxşı izləyə bilirik ki, hansı layihə bizdən başqa hansısa fonda təqdim edilib, yaxud işlənmiş mövzulardır. Biz belə layihələri dərhal müsabiqədən uzaqlaşdırırıq”. “Son vaxtlar elmi əsərlər içərisində çoxlu plagiat iş var. Xüsusən Rusiyadan götürülmə plagiat işləri daha çoxdur. Demək olar ki, onlar tərcümə olunmuş əsərlərdir”. Bunu isə Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda müəlliflik hüquqları daha çox elm sahəsində pozulur. Elmi əsərlərin monitorinqi bilavasitə Agentlik tərəfindən aparılmır. Elmi əsərlər müdafiəyə çıxarılırsa, Ali Attestasiya Komissiyası bu funksiyanı yerinə yetirir. Elmi əsərlər MHA-da qeydiyyatdan keçiriləndə isə onların plagiata görə ekspertizası aparılır. K. İmanov deyib ki, elmi əsərlərdən sonra müəlliflik hüquqlarının daha çox pozulduğu ikinci sahə media, üçüncü sahə isə musiqidir: “Audiovizual sahədə isə hüquqlar daha çox xarici ölkələrdə pozulur”. Agentlik sədri, həmçinin deyib ki, Azərbaycanda kəşflərlə bağlı qanun layihəsi hazırlanıb. Lakin dünyada belə praktika olmadığına görə, hələlik bu qanun layihəsi üzərində iş gedir.  


Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar