12px14px16px18px

MTN-nin həbs etdiyi şəxs məhkəmə sədrinin sürücüsü işləyib

TERRORÇU DƏSTƏNİN ÜZVLƏRİ CİNAYƏTKAR ƏMƏLLƏRİNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN MƏHKƏMƏ SƏDRİNİN XİDMƏTİ MAŞININDAN İSTİFADƏ EDİBLƏR

01:02 / 26.04.2012
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir neçə gün əvvəl Zaqatalada həyata keçirdiyi növbəti əməliyyat zamanı həbs edilən silahlı qanunsuz qruplaşmanın üzvü ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, xüsusi əməliyyat nəticəsində tutulan, Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun yaxın silahdaşı olmuş Anar İsfəndiyar oğlu Ramazanovun Şəki Apellyasiya Məhkəməsinin sabiq sədri Ramazan Burcayevin sürücüsü işlədiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, A. Ramazanov cinayət əməllərini məhz R. Burcayevin sürücüsü olduğu müddətdə həyata keçirib. Belə ki, dəstə üzvləri ələ keçməmək və iz azdırmaq məqsədilə məhkəmə sədrinin xidməti maşınından istifadə ediblər. A.Ramazanov məhkəmə sədrinin xidməti avtomobili ilə V. Padarovun başçılıq etdiyi dəstənin üzvü Rəşad Aşurovun əldə etdiyi silah-sursatı lazımi ünvanlara çatdırmaqda onlara yardım edib. Bütün bunlar R. Burcayevin Şəki Apellyasiya Məhkəməsinin sədri olduğu dövrdə həyata keçirilib. R. Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.
Qeyd edək ki, MTN ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınıb, silahlı birləşmənin üzvləri, Azərbaycan vətəndaşları – Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanıblar.
Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərksilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Nəticədə MTN-nin bir əməkdaşı, polkovnik-leytenant Elşad Quliyev şəhid olub, üç əməkdaşı yaralanıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.





Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar