12px14px16px18px

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi:“Belə məlumatların arxasında müəyyən qüvvələr dayanır”

00:46 / 26.04.2012
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında işgəncələrə məruz qaldığını bildirən jurnalist Zaur Quliyevin dediklərinə idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun münasibət bildirib.
“Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev bu ilin martında Quba rayonunda baş vermiş hadisələrə görə həbs edilib. O, martın 14-dən aprelin 4-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılıb. “İnsan Haqları Uğrunda” İctimai Birliyinə göndərdiyi müraciətində Zaur Quliyev həmin müddətdə işgəncələrə məruz qaldığını bildirib.
Zaur Quliyev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov aprelin 25-də “Media forum” saytına açıqlamasında bildirib: “Zaur Quliyevin dediklərinin hamısı əsassız sözlərdir, böhtandır. O, boş-boş danışır. Ona heç bir işgəncə verilməyib. O, nə döyülüb, nə söyülüb, nə də təhqir olunub. Tam qətiyyətlə deyirəm ki, belə bir hal olmayıb və ola da bilməz”.
Mirqafar Seyidov vurğulayıb ki, cinayət törədən hər bir şəxs öz əməlinə görə cəzasını çəkir: “Amma başqa şey qətiyyən olmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi haqda belə məlumatların yayılmasının arxasında müəyyən qüvvələr dayanır. Kimlərsə idarəmiz haqda mənfi informasiyaların yayılmasında maraqlıdır. Bunun başqa səbəbi ola bilməz”.
Polis general-mayorunun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanma şəraiti bütün standartlara cavab verir: “Şərait çox gözəldir. Ondan əvvəl burada yüzlərlə insan saxlanılıb. Niyə onlar indiyədək saxlanma şəraitindən giley etməyiblər? İdarəmizdə bütün məsələlər yüksək səviyyədədir, hazırda da əlavə təmir işləri gedir. Beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri idarədə saxlanma şəraiti ilə bağlı indiyədək bizə hər hansı irad bildirməyiblər, nəyisə dəyişmək haqda təklif verməyiblər”.
Mirqafar Seyidov həmçinin qeyd edib ki, Zaur Quliyevi dindirməyib, onun dindirilməsində iştirak etməyib: “Çünki bu mənin işim deyil”.





Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar