12px14px16px18px

Azərbaycanın Böyük Britaniyadakı səfiri “İlin diplomatı” mükafatına layiq görülüb

00:45 / 26.04.2012  
Aprelin 24-də Böyük Britaniyanın “Diplomat” jurnalının ənənəvi illik mükafatlandırma mərasimi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov “Avrasiya” kateqoriyası üzrə “İlin diplomatı” mükafatı ilə təltif olunub.
Azərbaycanın Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən “Diplomat” jurnalının naşiri Hüqo van Kuffeler Azərbaycan səfirinə mükafatı təqdim edərkən deyib: “Ötən illər ərzində Azərbaycanın beynəlxalq arenada diplomatik uğurları artıb. Bu ilin may ayında “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycan, bu ilin əvvəlindən etibarən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb və beynəlxalq məsələlərin həllində rolunu artırıb. Bu il həm də Azərbaycan və Böyük Britaniya arasındakı diplomatik münasibətlərin 20 illiyi qeyd olunur və bu müddət ərzində iki ölkə arasındakı ikitərəfli münasibətlər günü-gündən genişlənir. Bu ölkədə səfir kimi fəaliyyətə başlayandan bəri səfir Fəxrəddin Qurbanov ölkələr arasında əlaqələrin genişlənməsinə və ölkəsi haqqında həqiqətlərin Böyük Britaniyada yayılmasına töhfə verib. Bu mükafat səfirə öz ölkəsini Britaniyada layiqincə təmsil etdiyinə görə verilir”.
Mükafatı qəbul edən Fəxrəddin Qurbanov bildirib ki, bu yüksək mükafata layiq görülməsi onun üçün böyük şərəfdir və mükafatı Azərbaycan xalqı və dövləti adından qəbul edir. Belə bir mükafatla təltif edilməsinə görə münsiflər heyətinə minnətdarlıq edən səfir, Azərbaycanın son illər qazandığı diplomatik nailiyyətlərə diqqət çəkərək özünün bu mükafata layiq görülməsinin Azərbaycan diplomatiyasının uğurlarına verilən qiymət olduğunu vurğulayıb.
Təqdimat mərasimində Azərbaycan səfiri ilə yanaşı, 11 müxtəlif ölkənin səfir və diplomatları da mükafata layiq görülüblər.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar