12px14px16px18px

Azərbaycanda 1000-ə yaxın küçə uşağı var

ONLARIN 33 FAİZİ HƏR İKİ VALİDEYNİ SAĞ OLAN UŞAQLARDI

00:38 / 26.04.2012
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu və “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin dəstəyi ilə respublikanın 11 şəhər və rayonunda həyata keçirdiyi “Küçə uşaqlarının vəziyyətinin təhlili” layihəsinin təqdimat mərasimi keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin əməkdaşı Pərviz Əliyev bildirib ki, layihə çərçivəsində Azərbaycanda 438 küçə uşağı aşkarlanıb: “Onlardan 403-ü Bakı şəhəri, 10-u Lənkəran, 5-i Xaçmaz, 5-i Sumqayıt, 2-i Gəncə, 10-u Yevlax, 3-ü Şirvan şəhəri üzrə aşkarlanıb. Tədqiqata cəlb edilmiş küçə uşaqlarının orta yaşı 14,4 yaş olub. Onlardan 85,6 faizini yerli ailələrdən, 3 faizini məcburi köçkün ailələrdən, 11,4 faizini digər ölkələrdən olan uşaqlar təşkil edib. Respondentlərin 33,6 faizi tam, 50,9 faizi natamam ailədən, 10 faizi valideynsiz, 4,8 faizi tənha (heç kimi olmayan) ailələrdən olan uşaqlar olub”. P. Əliyevin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, küçə uşaqlarının olduqları ailələrin başçılarının 23,6 faizi fəhlə, 21,9 faizi dilənçi, 18,2 faizi xadimə, 12,2 faizi xırda ticarətçidir. Küçə uşaqlarından 11 nəfəri cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.
UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa bildirib ki, sürətli inkişaf nəticəsində bir çox mənfi nəticələr də əldə edilir ki, küçə uşaqları da bu mənfi təsirlərdən biridir. R. Mustafanın sözlərinə görə, hesabata əsasən, küçə uşaqlarının 90 faizi Bakıda yaşayır: “Bu uşaqlar küçədədirlər, onların bəziləri maşın yuyur, bəziləri dilənçilik edir. Küçə uşaqlarının bəzilərinin ya tam, ya da natamam olaraq ailəsi yoxdur. Bəziləri isə kasıblıqla üzləşən ailələrin övladlarıdır”.
AQPDK-nın sədr müavini Aynur Sofiyeva deyib ki, Azərbaycanda uşaqlarla bağlı qanunvericilik formalaşıb, lakin müəyyən boşluqlar qalmaqdadır. Onun sözlərinə görə, qanunlarda valideyn məsuliyyəti ilə bağlı dəyişikliklərin edilməsinə ehtiyac var.
O qeyd edib ki, hazırda Azərbaycanda təxminən 1000-ə yaxın küçə uşağı var: “Tədqiqatlar göstərir ki, onların 70-80 faizi Bakı şəhərində yaşayır”. Onun sözlərinə görə, küçə uşaqları üçün Bakı şəhəri daha münbit yerdir var və ona görə də onlar əsasən, paytaxtda cəmləşiblər. A.Sofiyeva onu da bildirib ki, əgər hər hansı valideynin uşağı küçədədirsə, tədrisdən yayınıbsa, baxımsız qalıbsa, bu, valideynin məsuliyyətsizliyidir: “Deməli, bu uşaq valideyn məsuliyyətindən kənarda qalıb. Valideyn məsuliyyətinin artırılması, buna qarşı mübarizə aparmaq üçün Cinayət Məcəlləsi və ya İnzibatı Xətalar Məcəlləsində hər hansı dəyişiklik etmək olar. Bu barədə təkliflərimiz var, amma onlar hələ tam olaraq formalaşmayıb. Bunun üçün müvafiq qurumlar və QHT-lərdən də təkliflər daxil olacaq. Onları cəmləşdirərək hökumətə təqdim edəcəyik”.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Bəylər Abbasov bildirib ki, qanunvericilikdə valideynlərə qarşı sərt tədbirlər nəzərdə tutulmadığı üçün küçələrdən yığılıb ailələrə verilən uşaqlar bir müddət sonra yenidən küçə həyatına qayıdırlar.




Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar