12px14px16px18px

Ziyafət Əsgərov: “Onların məqsədi həmin qüvvələri qızışdırmaqdır”

“BELƏ GÖRÜŞLƏR İCTİMAİ-SİYASİ SABİTLİYİ POZMAĞA XİDMƏT EDİRSƏ,BU, AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAQDIR”

00:37 / 26.04.2012

“Azərbaycanda fəaliyyət göstərən diplomatlar nə üçün qaçqın və məcburi köçkünlərlə deyil, ölkədə sabitliyi pozmağa meyl edən qüvvələrlə görüşürlər? Deməli, məqsəd həmin qüvvələri qızışdırmaqdır. Diplomatların istənilən insanla görüşməyə ixtiyarları var. Amma diplomatlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması barədə söhbət aparırlarsa, bu onların statusu ilə bir araya sığmır və etikadan kənardır”. APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin I müavini Ziyafət Əsgərov ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə srağagün keçirdikləri görüşə münasibət bildirərkən deyib.
“Ümumiyyətlə, diplomatik missiyaların fəaliyyəti haqqında konvensiyada belə məsələlər nəzərdə tutulur. Biz buna faciə kimi baxmırıq. Diplomatlar kiminlə istəsələr, görüşə və söhbət edə bilərlər. Axı niyə onlar məhz bu insanlarla görüşürlər? Başqa kateqoriyadan olanlarla görüşmürlər. Mən çox arzulayardım ki, o diplomatlar Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə də görüşsünlər”, – deyə Z. Əsgərov bildirib.
Z. Əsgərov bu məsələlərə biganə qalmayacaqlarını da vurğulayıb: “Ona görə də Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinə müraciət edirəm: əgər belə görüşlər Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaqdır”.
Ziyafət Əsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinədə münasibət bildirib. O deyib ki,  bu qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından olduqca dəyərli sənəddir”.
“Bu Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi birinci qətnamə deyil. 2010-cu ildə də Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü, Ermənistan işğalçılıq siyasəti barədə qətnamə qəbul etmişdi. Avropa Parlamenti bir sıra beynəlxalq təşkilatlarla müqayisədə, bu məsələlərə münasibətdə daha obyektivdir”, – deyə Z. Əsgərov bildirib.
O, Kolumbiya Senatında Azərbaycanın ərazi bütövlüyünü, Xocalı soyqırımının tanınması barədə qəbul edilən qətnamə barədə də danışaraq deyib ki, bu, başda ölkə prezidenti olmaqla, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir: “Artıq Amerika qitəsi ölkələri də Azərbaycanın haqlı mövqeyinə obyektiv, ədalətlə yanaşır. İnanırıq ki, bunun davamı gələcək. Xocalı hadisələri bütün bəşəriyyətin ən dəhşətli cinayətlərindən biridir. Ermənistan bunu nə qədər pərdələməyə çalışsa da, bu, mümkün deyil. Bu həqiqət bütün dünyaya yayılacaq, digər dövlətlər də buna qoşulacaqlar”.
Qeyd edək ki, aprelin 18-də Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunmuş qətnamədə AB-nin Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığı, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionun stabilliyini və inkişafına maneə törətdiyi qeyd olunur, AB münaqişənin həllində daha aktiv rol oynamasına çağırılır. Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin dərhal öz yurd-yuvalarına qayıtmasının vacibliyi vurğulanır.
Qətnamədə o da bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv seçilməsi AB ilə Azərbaycan arasında məsləhətləşmələr aparmaq üçün yaxşı fürsətdir.
Kolumbiya Senatında qəbul edilmiş qərarda isə Azərbaycan ərazilərinin işğal altında olduğu bildirilir. Həmin qərara əlavədə Azərbaycanına qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indi qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub. Qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı, qərarda Xocalıda baş vermiş cinayətlər soyqırımı adlandırılıb, bununla da, Latın Amerikasında Meksikadan sonra növbəti ölkə – Kolumbiya da Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirib.
 



Bu yazı ( 44 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar