12px14px16px18px

Gürcüstan parlamentində azərbaycanlı deputat əlbəyaxa davaya çıxdı

QONDARMA “ERMƏNİ SOYQIRIMI”NI TANIMAĞI TƏKLİF EDƏN CONDİ BAQATURİYAYA GÜRCÜ DEPUTAT DA ƏL QALDIRDI

11:44 / 25.04.2012



Gürcüstan parlamentində insident baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlamentin dünən keçirilən iclasında qondarma “erməni soyqrımı”nın ildönümü ilə bağlı çıxış edən deputat Condi Baqaturiya parlamentin bu “soyqırımı”nı tanımaq barədə müzakirələr aparmasını təklif edib. Bu zaman azərbaycanlı deputat Azər Süleymanov ona etiraz edib. Condi Baqaturiya cavab olaraq əlində tutduğu “Vazelin” qutusunu ona tullayıb. Bundan sonra deputatlar əlbəyaxa olublar.
İnsidentə müdaxilə edən gürcü deputat Kako Boqoxidze Condi Baqaturiyaya əl qaldırıb və onun bu hərəkətini “klassik təxribat” adlandırıb. Azər Süleymanov da Boqatoriyaya “ermənilərin Azərbaycanda törətdikləri soyqırımıdır, o soyqırımını sənin kimi ermənilər törədib” deyib. Başqa bir azərbaycanlı deputat Ramin Bayramov isə Xocalı soyqırımı barədə sənədləri deputata təqdim edərək, onları oxumasını təklif edib.
Parlamentin sədri David Bakradze deputatları sakitləşdirib.
Qeyd edək ki, Condi Baqaturiya parlamentdə azlıqda olan “Gürcü qrupu” Partiyasının lideridir.
Gürcüstan parlamentinin üzvü Azər Süleymanov dünən qanunverici orqanın iclasında uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı baş verən insidentə münasibət bildirib.
A. Süleymanov bu məsələnin erməni deputatlar tərəfindən deyil, gürcü deputat tərəfindən qaldırılmasından təəssüfləndiyini söyləyib: “Gürcü və Azərbaycan xalqları dost və qardaşdır. Biz həmişə bir-birimizi dəstəkləmişik. Əsl soyqırım 1918-ci ildə Azərbaycanda olub. Ermənilər Bakıda, Şəkidə, Qubada, Gəncədə və Azərbaycanın digər bölgələrində soyqırım törədiblər. Bu gün parlamentdə deputat Condi Baqaturiya bu məsələni qaldırdı. Erməni diasporası bu məsələ ilə bağlı ona böyük miqdarda pul təklif edib. Bu gün biz də ona “payını” verdik. Azərbaycanlı deputat Ramin Bayramov Xocalı hadisəsi ilə bağlı tarixi faktlarla dolu sənədləri şəxsən Baqaturiyanın sifətinə çırpdı. Əsl soyqırımı görmək üçün yüz il əvvələ getməyə ehtiyac yoxdur. 20 il əvvəl bir gecədə baş verən Xocalı faciəsi zamanı 600-dən çox insanımız öldürüldü, minlərlə azərbaycanlı yaralandı və itkin düşdü, bir şəhər yerlə-yeksan oldu. Bunlar dünənki faktdır. Belə təxribat xarakterli çıxışlara yol vermək olmaz. Gürcüstan bizim vətənimizdir”.
Gürcüstan parlamentinin sədr müavini Levan Vepxvadze isə jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanda 500 mindən çox azərbaycanlı və 350 minə qədər erməni var: “Bütün vətəndaşlarımız Gürcüstanda sülh və sabitlik şəraitində yaşayır. Bu gün kimlərsə bu sabitliyi pozmağa çalışır. Bu, təxribatdır”. O bildirib ki, ölkədə fəaliyyət göstərən partiyaların məqsədi xalqlar arasında mehriban ünsiyyət yaratmaq olmalıdır: “Bu gün Gürcüstan parlamentində baş verən insident təxribatdır.
Bizim keçmişlə bağlı bir çox problemlərimiz var, amma indi bunlardan danışmaq Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə, dövlətçiliyinə xələl gətirə bilər. Hesab edirəm ki, bu “soyqırım” məsələsini qaldıranların kiçik məqsədləri var”.
L.Vepxvadze “Gürcüstan Qrupu” Partiyasının lideri, parlamentin deputatı Condi Baqaturiyanın hərəkətinin cəzasız qalmayacağını söyləyib: “Belə deputatların cəzası seçkilərdə veriləcək. Sadəcə olaraq xalq öz səsini belə deputatlara verməyəcək və onlar parlamentdə olmayacaqlar. Bizim sanksiyamız yoxdur, buna xalq öz etiraz səsini ucaltmalıdır”.
Gürcüstan parlamentinin sədr müavini Azərbaycanın Gürcüstanı hər zaman dəstəklədiyini vurğulayıb: “Bizim Azərbaycanla ümumi çox şeyimiz var. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və buna cavab olaraq Azərbaycanın dəstəyini həmişə hiss edir. Biz beynəlxalq təşkilatlarda da Azərbaycanla əməkdaşlıq edirik. Azərbaycana minnətdarıq ki, bu yaxınlarda BMT-də etnik təmizləmə haqqında deklarasiya qəbul olunarkən də bizi dəstəklədi”.
Qeyd edək ki, dünən Gürcüstan Azərbaycanlıları Tələbələr Assosiasiyasının (GATA) üzvləri parlamentin iclası zamanı baş vermiş olayla əlaqədar parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Tələbələr “Baqaturtiya – xain!”, “Xocalıya ədalət!” sözləri yazılmış şüarlar qaldırıblar. Assosiasiyanın sədri Samirə İsmayılova hadisəni canlı yayında izləyərkən dözə bilmədiklərini və qısa vaxt ərzində toplanıb azərbaycanlı millət vəkilləri ilə həmrəyliklərini bildirmək üçün parlamentin qarşısına gəldiklərini deyib. O, deputat Condi Baqaturiyanın hərəkətini çoxmillətli Gürcüstanda provokasiya törətmək cəhdi kimi qiymətləndirib.































Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar