12px14px16px18px

İqtisad Universitetində narazılığa səbəb olan məsələlər aradan qaldırılıb

UNIVERSITET RƏHBƏRLIYI KOLLOKVIUM MÜDDƏTININ BIR HƏFTƏYƏDƏK UZADILMASI BARƏDƏ QƏRAR QƏBUL EDIB

13:54 / 31.03.2012
“İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələrinin semestr imtahanları ilə bağlı narazılıqlarına səbəb olan məsələlər aradan qaldırılıb”. Bu barədə APA-ya universitetin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov məlumat verib. Onun sözlərinə görə, universitet rəhbərliyinin dərhal müdaxiləsindən sonra məsələ öz həllini tapıb: “Universitetdə kollokvium müddətinin bir həftəyədək uzadılması və dərs zamanı keçirilməsi üçün müvafiq qərar qəbul edilib”.
Məsələ ilə bağlı İqtisad Universitetinin saytında da məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, narahatlığa heç bir səbəb yoxdur: “Boloniya sisteminin tələblərinə uyğun olaraq imtahanqabağı kollokviumun keçirilməsi üçün ayrılan müddətin az olması bəzi tələbələrin narahatçılığına və narazılığına səbəb olub. Bu məsələ Universitet rəhbərliyinin müdaxiləsi və müvafiq tədbirlərin görülməsi nəticəsində aradan qaldırılıb. Universitetdə kollokvium müddətinin bir həftəyədək uzadılması və dərs zamanı keçirilməsi üçün müvafiq qərar verilib”.
Qeyd edək ki, İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələri dünən semestr imtahanlarını boykot edərək ali məktəbin qarşısına toplaşıblar. Tələbələr ədalətli imtahan prosesi tələb etdiklərini bildiriblər. Onlar bir gündə, yarım saat ərzində 6 fəndən imtahan verməyin ədalətli olmadığını deyiblər.




Bu yazı ( 153 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar