12px14px16px18px

31 mart soyqırımı ilə bağlı tədbir keçirilib

13:18 / 30.03.2012
Dünən “Əsgər analarına dəstək” İctimai Birliyi 31 mart – azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirib. Tədbirdə iştirak edənlər 1918-ci ilin martında və sonrakı günlərdə Azərbaycanın müxtəlif bölgələrində kütləvi qırğınlar törədilməsi, soyqırım aktı həyata keçirilməsi ilə bağlı faktlara toxunublar.
İctimai Birliyin sədri Növrəstə İbrahimova əvvəlcə diqqəti o vaxtkı kütləvi qırğınların miqyasına, soyqırımın baş verdiyi tarixi şəraitə yönəldib: “Xalqımız sovet dönəmində dəfələrlə Ermənistandan deportasiya olunaraq Azərbaycanın müxtəlif bölgələrinə yerləşdirilib. Sonuncu belə deportasiya 1988-ci ildə başlayıb. Həmin ildə ermənilər ölkəmizə təcavüz edərək, ərazilərimizin 20 faizini işğala məruz qoydular. Torpaqlarımızın müdafiəsi zamanı on minlərlə şəhid verdik. Ermənistanda yaşayan azərbaycanlıların da bir qisminə işgəncə verib öldürdülər. İndi düşmən ölkədə bir nəfər belə azərbaycanlı yoxdur. Hətta başqa xalqların da nümayəndələrinə rast gəlinmir. Vaxtilə bizim torpaqların üzərində qurulan Ermənistan indi monoetnik bir ölkədir”.
Ermənilərin, onlara aid olmayan ərazilərdə tarixi saxtalaşdırdıqlarını, qədim qəbir daşlarında, tarixi abidələrin bünövrələrində və digər yerlərdə öz əlifbaları ilə nişan qoyduqlarını vurğulayan N.İbrahimova deyib ki, Azərbaycanın sərvətinə göz dikən əcnəbi dövlətlər bu istəklərinə həmişə ermənilərin vasitəsilə nail olmağa çalışıblar. Və bizim sərvətlərimizi daşıyıb apardıqlarına baxmayaraq, erməniləri müdafiə ediblər: “Nəyə görə dünya ölkələri ermənilərin yalançı göz yaşlarına inanır, amma azərbaycanlıların kütləvi soyqırım faktının üstündən sükutla keçirlər?”
Daha sonra tədbir iştirakçılarından Rüqəyya xanım, Günay Rəcəbova, Kəmalə Manafova, Gülşən Abdullayeva və başqaları çıxış edərək, fikirlərini bölüşüblər.




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar