12px14px16px18px

Metyu Brayza: “Azərbaycan və Ermənistan Qarabağ məsələsini həll etməyə hələlik hazır deyil”

“HƏYAT YOLDAŞIMIN TÜRKİYƏDƏN OLMASI BƏZİ ADAMLARIN XOŞUNA GƏLMƏDİ”

08:36 / 29.03.2012
“Azərbaycan mənim üçün çox əziz ölkədir. Azərbaycan üçün çox darıxıram”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib: “Mən ilk növbədə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Mən sizləri çox sevirəm. Azərbaycandan gedəndə çox kədərləndik”. Həyat yoldaşı ilə İstanbulda yaşadıqlarını deyən M. Brayza, müxtəlif biznes sahələrində çalışdığını bildirib.
Keçmiş səfir növbəti dəfə bu vəzifəyə seçilməməsi barədə də danışıb: “Bu, siyasətdir. Amerikada demokratiya nəticəsində belə işlər olur və bu, qaçılmazdır. Seçilməməyim məni təəccübləndirmir. Bütün bunlar söz azadlığını özündə əks etdirir. Bir təşkilat əleyhimə çıxdı ki, mənim həyat yoldaşım İstanbulda, Türkiyədə doğulub. Prezident Obama Senat üzvlərinin təzyiqinə baxmayaraq, öz imkanından istifadə edib məni Azərbaycana bir illik səfir təyin etdi. Mən ona çox minnətdaram. Bu bir il mənim həyatımda ən gözəl və mənalı il oldu. Mənim ailəm Azərbaycanı sevdi. Mən Ermənistan üçün də çox işlər görmüşəm. Lakin mənim həyat yoldaşımın Türkiyədən olması bəzi adamların xoşuna gəlmədi. Buna görə, ABŞ-dakı bir qrup adamlar mənim vəzifəyə seçilməyimə mane oldular”.
Brayza Qarabağ danışıqları ilə bağlı sualı da cavablandırıb. O deyib ki, “Azərbaycan və Ermənistan Dağlıq Qarabağ məsələsini həll etməyə hələlik hazır deyil”.
“Dağlıq Qarabağ məsələsi həll olunacaq. Bunun üçün iki ölkə rəhbərlərinin masasının üzərində çərçivə müqaviləsi durur. 4-5 və yaxud 6 mühüm şərt lazımdır ki, bu məsələ həll olunsun. Bunun üçün hər iki ölkənin prezidentləri münaqişənin həllini öz üzərlərinə götürməli, bir-birinə etibar etməlidirlər. Bu, böyük siyasi riskdir. Çünki Azərbaycan və Ermənistan cəmiyyətləri bu məsələnin həlli üçün qərar qəbul etməyə hazır deyillər və yaxud hər iki cəmiyyət öz nöqteyi-nəzərini dəyişməli, yaxud prezidentlər üzərlərinə böyük siyasi risk götürməlidir” – deyə o bildirib.





Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar