12px14px16px18px

Ombudsmanın səlahiyyətləri artırılır

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN MANEƏSİZ ŞƏKİLDƏ HƏRBİ QARNİZONLARIN HAUPTVAXTLARINDA MONİTORİNQ KEÇİRƏ BİLƏCƏK

08:33 / 29.03.2012
Azərbaycanda müvafiq qanunlara dəyişiklik edildikdən sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Milli Preventiv Qrup üzvlərinin səlahiyyətləri artırılacaq. Bu barədə APA-ya Milli Məclisin (MM) Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc məlumat verib. O bildirib ki, Cəzaların İcrası Məcəlləsi, “İnformasiya əldə etmək haqqında” qanun və digər qanunvericilik aktlarına dəyişiklik edildikdən sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Milli Preventiv Qrup üzvləri istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən maneəsiz şəkildə hərbi qarnizonların hauptvaxtlarına daxil ola biləcək: “Artıq bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə layihə daxil olub. Layihə MM Təhlükəsizlik və müdafiə komitəsinin sabah keçiriləcək iclasında müzakirə ediləcək”.
İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Milli Preventiv Qrup üzvlərinə qarnizonların hauptvaxtlarında saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək (zəruri saydığı halda mütəxəssis və tərcüməçinin iştirakı ilə) görüşmək, söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq, sənədlərin surətlərini almaq, akt tərtib etmək hüquqları da veriləcək. Bundan başqa, Ombudsman qarnizon hauptvaxtlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququna malik olacaq.
Z. Oruc düzəlişlərin əhəmiyyətli olduğunu vurğulayıb.




Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar