12px14px16px18px

Ermənistan hakimiyyəti parlament seçkilərini satın alır

08:32 / 29.03.2012
Ermənistan yeni parlament seçkiləri ərəfəsindədir. Seçkilər yaxınlaşdıqca siyasi ehtiraslar da qızışır və analitiklər, politoloqlar bu siyasi aksiyaya hazırlıq barədə müxtəlif aspektlərdən maraqlı şərhlər verirlər. Ermənistanlı politoloq Akop Badalyanın seçkilərlə bağlı “Erkramas” internet qəzetində dərc etdirdiyi məqalə diqqəti çəkir.
A.Badalyan yazır ki, Ermənistan hakimiyyətinin parlament seçkilərinə nə qədər pul xərcləyəcəyini demək çətindir. Əlbəttə ki, söhbət heç də büdcə vəsaitlərindən getmir. Aydın məsələdir ki, seçkilər ərəfəsində dövlət qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması, kəndlərdə yaşayanlara yanacaq almaq və vergi güzəştləri üçün hökumət konkret məbləğ ayırmaq haqqında qərar qəbul edib və gələcəkdə də belə qərarlar olacaqdır.
Politoloq seçkilərlə bağlı heç bir hesabatda qeyd olunmayan maliyyə vəsaitlərinə xüsusi diqqət çəkir. A.Badalyan deyir ki, burada söhbət heç bir hesabatda qeyd olunmayan, hakim Ermənistan Respublikası Partiyasının və digər iqtidaryönümlü partiyaların istər proporsional, istətsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün rüşvət şəklində paylayacağı pullardan gedir. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir.
Politoloqun fikrincə, seçki marafonu ilə bağlı “xərclər maddələrinə” nəzər yetirdikdə aydın olur ki, hakimiyyət parlament seçkilərinə yüz milyonlarla dollar pul xərcləyəcəkdir. Ermənistanın məmur-oliqarxları, cinayətkar aləmin tanınmış simaları öz ciblərini boşaltmağa məcbur olacaqlar ki, qarşıya qoyulmuş məqsədə çata bilsinlər.
Bu seçkilərə xərclənən pulların bir qisminin qondarma “Dağlıq Qarabağ hakimiyyəti”ni təmsil edənlərə məxsusluğunu və onların Ermənistanda keçiriləcək parlament seçkilərində biznes və siyasi maraqlarının olmasını qeyd etmək lazımdır. Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə edəcəklər.
Ermənistanın kriminal-oliqarxları dövlətin adından istifadə edərək külli miqdarda kreditlər alır, enerji, sosial və tikinti proqramlarını həyata keçirmək adı ilə mənimsəyirlər. Həmin pullar indi xalqın ehtiyacları üçün deyil, parlamentdə çoxluğu təmin etmək üçün xərclənəcəkdir.
Rüşvət və bəzi adamların ələ alınması üçün xərclənəcək pulların hesabına ölkə üçün faydalı işlər görmək mümkündür. Lakin faydalı işlər görmək oliqarxlara lazım deyil. Onlar seçkilərə xərclədikləri milyonların əvəzini növbəti beş ildə beş-on dəfə artıqlaması ilə çıxaracaqlar.
Buna görə də Ermənistanın məmur və kriminal-oliqarxları strateji xarakterli proqramlara bir qəpik də xərcləmirlər. Əksinə, deputat mandatının alınmasına milyardlar sərf edirlər.
Məhz bu faktlar Ermənistanın bir dövlət kimi, məhv olmasını şərtləndirir.
Analitiklər bir maraqlı faktı da qeyd edirlər ki, seçkiqabağı dövrdə Yerevanın küçələrində qadın və qızlara gül paylanılır. Onlar qeyd edirlər ki, gül verilən qadınlar da, onu paylayanlar da bu güllərin hansı pullarla alındığını yaxşı bilirlər.







Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar