12px14px16px18px

Şeyxin qudası beynəlxalq axtarışa verildi

ƏLI EVSEN: “BEYNƏLXALQ AXTARIŞA VERILMƏYIM BARƏDƏ XƏBƏRLƏ TANIŞ OLANDA ŞOKA DÜŞDÜM”

10:19 / 28.03.2012
Azərbaycanda fəaliyyət göstərən “Evsen Group”un sahibi Əli Evsen beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Axtarış materialında 49 yaşlı Əli Evsenin üç ölkənin – Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşı olduğu qeyd olunub. O, Misir dövləti tərəfindən beynəlxalq axtarışa verilib. Əli Evsen dələduzluqda ittiham olunur. Qeyd edək ki, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi ilə birgə ötən ilin yayında çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə əlaqədar İspaniyada həbs edilib. Təxminən bir ay sonra isə günahı sübuta yetirilmədiyi üçün Əli Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb. Xatırladaq ki, Əli Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır. Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.“Evsen Group”un sahibi Əli Evsenin qohumu, Milli Məclisin deputatı Hacı Qalib Salahzadə onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsinə münasibət bildirib.Hacı Qalib Salahzadə bildirib ki, saytlarda bu barədə informasiyalar yayıldıqdan dərhal sonra Əli Evsenlə telefon əlaqəsi yaradıb: “Əli Evsen axtarışa verilməsi barədə məlumatsız olduğunu bildirdi. O bu xəbəri məndən aldı və bildirdi ki, onun beynəlxalq axtarışa verilməsi yalandır. O bunun özünü istəməyən adamlar tərəfindən ortaya atılmış bir iftira olduğunu dedi. Əli Evsen hazırda İspaniyadadır və öz işləri ilə məşğul olur. Əgər axtarışa verilibsə, yeri məlumdur, gedib niyə tutmurlar?” “Evsen Group”un sahibi Əli Evsen İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsinə münasibət bildirib: “Mənə Azərbaycandan zəng edib dedilər ki, beynəlxalq axtarışa verilmişəm. Xəbərlə tanış olduqdan sonra şoka düşdüm. Mən başa düşə bilmirəm ki, bu xəbər haradan qaynaqlanır və kimlərdir bunu ortaya atan. Çünki belə bir şey olsaydı, mənim məlumatım olmalı idi”. Əli Evsen bu yaxınlarda Azərbaycanda olduğunu və geri qayıdarkən sərhəddə hər hansı bir problemlə qarşılaşmadığını deyib: “Ötən il İspaniyada mənə qarşı yalançı ittiham elan edildi. Misir hökumətinin tələbi ilə İspaniya hüquq-mühafizə orqanları mənimlə bağlı araşdırma aparıb. Məni korrupsiyada ittiham edirdilər. Sonradan məlum oldu ki, bu işdə heç bir günahım yoxdur və məhkəmənin qərarı ilə məni sərbəst buraxdılar. Ondan sonra mən istədiyim zaman, istədiyim ölkəyə gedirəm. Hazırda İspaniyadayam. Bir neçə gün əvvəl Azərbaycandan Türkiyəyə, oradan da bura gəlmişəm. Əgər İnterpol mənim axtarışıma sanksiya veribsə, niyə məni yolda saxlamadılar? Çox maraqlı bir vəziyyətlə üzləşmişəm”.
Əli Evsen, həmçinin ötən gün İspaniya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdüyünü, lakin ona axtarışda olması barədə və yaxud başqa bir məslə ilə bağlı məlumat verilmədiyini qeyd edib: “Belə bir şey olsaydı məni sərbəst buraxmazdılar”. İş adamı İnterpolun saytında yerləşdirilmiş axtarış materialında onun üç ölkənin vətəndaşı olması barədə məlumata da aydınlıq gətirib. O, bu məlumatın həqiqətə uyğun olmadığını, yalnız bir ölkənin – Türkiyənin vətəndaşı olduğunu qeyd edib. Əli Evsen Misirin keçmiş prezidenti Hüsnü Mübarəklə bağlı barəsində yayılan informasiyalara da münasibət bildirib: “Mən iş adamıyam. Bütün ölkələrlə ticarət əlaqəsi yaradıram. Həmçinin Misirlə də ticarət əlaqələrim olub. Lakin bu əlaqələrin Hüsnü Mübarəklə heç bir bağlantısı yoxdur. Ömrümdə bir dəfə bu ölkəyə səfər etmişəm. Mən Misirə gedəndə artıq Hüsnü Mübarək devrilmişdi. Necə ola bilər ki, hakimiyyətdə olmayan bir adamla mənim cinayət əlaqələrim olsun. Gedib yoxlasınlar, görsünlər ki, mən nə zaman və neçə dəfə Misirə getmişəm. Sadəcə, məni kiminsə vasitəsi ilə bu işə qoşmaq istəyirlər. Hazırda bununla bağlı məhkəmə gedir. Ona görə də bu barədə geniş nə isə deyə bilmirəm. Məhkəmə başa çatandan sonra bu barədə geniş məlumat verəcəyəm”.




Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar